Koronavirus, daha sonra yeni müharibələrin baş verməsi dünya bazarlarında bahalaşmanı artırır.
Xüsusilə, Rusiya-Ukrayna arasında ötən ilin fevralında başlayan və hələ də davam edən müharibə bu bahalaşmanın əsas səbəblərindən birinə çevirilib. Təbii ki, bahalaşmadan idxaldan asılılığı olan ölkələr daha çox əziyyət çəkir. Məlum məsələdir ki, Azərbaycan bazarı da idxaldan asılıdır və idxalının əsas pay sahibi Rusiyadır.
Məsələn, ötən il Azərbaycana ən çox mal Rusiyadan idxal olub. 2022-ci ildə Rusiya Azərbaycana 2 milyard 725 milyon dollarlıq məhsul satıb. Bu, 2021-ci illə müqayisədə təxminən 700 milyon dollar çoxdur. İl ərzində Azərbaycanın idxalının 18.81%-i sadəcə Rusiyanın payına düşüb. Rusiyanın ixracında ən çox paya sahib məhsullar buğda, benzin və ağac məhsullarıdır. Son günlər isə Rusiyanın milli valyutalarında kəskin ucuzlaşma müşahidə edilir.
Aprelin 9-da Moskva birjasında dolların məzənnəsi 2022-ci ilin yazından bəri ilk dəfə 98 rubldan yuxarı qalxıb. Son 1 ayda rubl 8.0 faiz dəyər itirib. Bu da ölkədən ixrac olunan və Azərbaycan bazarlarına çıxarılan məhsulların qiymətinə təsirsiz ötüşmür. Xüsusilə, sentyabrdan etibarən Rusiyadan gətirilən ərzaq məhsullarının qiymətinin daha da artacağı ehtimalları var.
TEREF.AZ-ın məlumatına görə, bununla bağlı Cebhe.info-ya danışan iqtisadçı Akif Nəsirli bildirib ki, bütün ərzaq məhsullarında bahalaşma gözləniləndir:
"Dünya bazarında ərzaq məhsullarının qiymətinin artacağını nəzərə alaraq, Azərbaycanda da bahalaşmanı pronozlaşdırmaq olar. Hazırda dünya bazarlarında ərzaq buğdasının, qarabaşaq, bitki yağları, kərə yağı, düyü, un məmulatları kimi məhsulların qiyməti qalxıb. Bilirsiniz ki, Azərbaycan bazarı da dünya bazarından asılıdır.
Üstəlik, Azərbaycan bazarı inhisarçı bazardır, bu bazarda da sahibkar üçün qiymət artırmaq çox asandır. Təkcə bir informasiya da Azərbaycan bazarında qiymətin artımı üçün səbəb ola bilər.
Məsələn, "Dünya bazarlarında filan ərzağın qiyməti qalxdı",- deyə verilən informasiya ilə Azərbaycanda da qiymət artımı müşahidə edilə bilər. Bunu da yaradan inhisarçılıqdır. Tələbat olan ərzaq məhsullarının qiyməti isə yenidən qalxacaq. Qarabaşaq, düyü, un məmulatları, bitki və kərə yağları, makaron, ət və ət məhsulları kimi məhsulların qiymətində artım olacaq. Ümumiyyətlə, bütün ərzaq məhsullarında bahalaşma gözləniləndir".