Ölkəmizdə qeyri-karbohidrogen ixracının göstəriciləri dəfələrlə artır, bəs qeyri-neft məhsulları dedikdə nə nəzərdə tutulur? Yerli iqtisadçıların fikrincə, qiymət artımı ilə yanaşı, statistik rəqəmlər elektrik enerjisi, qızıl və emal olunmuş neft məhsullarının ixracı ilə bağlıdır.
Qeyri-neft istehsalının və ixracının artırılmasına istiqamətlənmə iqtisadiyyatın inkişafı üçün strateji istiqamət kimi qəbul edilib. Uzun illər, xüsusən də neftin qiymətinin düşməsi fonunda qeyri-karbohidrogen iqtisadiyyatına keçid ideyası inkişaf etdirildi. Neft erası bitmiş hesab olunurdu və onun yeni dövrün gəlişi, qeyri-neft sənayesində istehsalın sürətlə artması və yerli məhsulların kütləvi şəkildə xarici bazarlara çıxarılması ilə əvəz olunacağı gözlənilirdi.
Lakin respublikanın makroiqtisadi göstəriciləri hələ də beynəlxalq bazarlarda karbohidrogen ixracının dəyəri ilə bağlıdır və qeyri-neft ixracı artsa da, hələ də “qızıl mədənindən” çox geri qalır və artım barədə əlaqədar dairələrin məlumatlarının özü ekspertlərdə çoxlu suallar yaradır.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Mərkəzin hesabatına görə, ixrac ötən ilin müvafiq ayları ilə müqayisədə 20,6% artıb. Təkcə iyun ayında qeyri-neft ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 307,6 milyon dollara çatıb. Ötən ilin məlumatlarında da artımın 2021-ci ilə nisbətən 12,3% artaraq 3 milyard 47,67 milyon dollar təşkil edildiyi bildirilir.
TEREF.AZ-ın məlumatına görə, AYNA-ya danışan iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, göstəricilərin artmasına baxmayaraq, əsas sual “qeyri-neft ixracı qrafasına konkret olaraq nələr daxildir və hansı məhsul liderdir?” ilə bağlıdır: “Maraqlıdır ki, biz ən çox hətta pomidor, xurma və kənd təsərrüfatı sektorumuzun digər məhsullarını da ixrac etmirik, bəs ən çox nə ixrac edirik? Birinci yerdə elektrik enerjisi dayanır - 6 ayda 314 milyon dollarlıq satılıb. Hökumət qeyri-neft, kənd təsərrüfatı sektorundan çox danışır, o zaman suala cavab versinlər: 2022-ci ilin 6 ayında ölkəmiz 78 min 156,41 ton kartof, 39 min 75,65 ton xurma, 1081,75 ton çay ixrac edib. Eyni zamanda, bu ilin altı ayında ümumilikdə 71 min 28,06 ton kartof, 20 min 261,14 ton xurma və 334,73 ton çay ixrac etmişik”.
“Göründüyü kimi, kənd təsərrüfatı məhsullarının ixracı üzrə göstəricilər aşağı düşür. Məsələn, kartofun ixracı 10%, xurmanın ixracı 2 dəfə, çayın ixracı isə 3 dəfə azalıb. Niyə səbəb göstərmirlər?”, - deyə mütəxəssis sual edir.
“Və nəhayət: son altı ayda bütün ixracımızın dəyərinin 90,13%-ni neft və qaz məhsulları, ixrac olunan məhsulların isə yalnız və yalnız 9,87%-ni qeyri-karbohidrogen ixracı təşkil edib. Bu gün neft və qaz sektorunda çalışan 50 min nəfər ölkənin 10 milyon əhalisini dolandırır. Bu, nə vaxta qədər davam edəcək və biz bu iqtisadi modellə hara gedirik?”, - deyə Cəfərli təkrar soruşur.
TEREF.AZ_ın məlumatına görə, sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, qeyri-neft ixracının artması ilə bağlı versiyalardan biri də beynəlxalq bazarlarda belə malların bahalaşmadır: “İxracın real artması üçün iqtisadiyyatın qeyri-neft sektoru inkişaf etməlidir. Sadə dillə desək, iqtisadi fəaliyyətin istənilən seqmentində artım o halda mümkündür ki, bu istiqamətdə investisiyalar artsın. Amma fakt odur ki, 2014-cü ildən başlayaraq bu günə kimi qeyri-neft sektorumuza investisiyalar durmadan azalır”.
Respublikada xarici ticarət və ödəniş profisiti neft və qaz ixracı hesabına əldə edilir. Maraqlıdır ki, bu ilin ilk altı ayında təbii qazın ixracından əldə olunan gəlir hətta nefti də ötüb. Xam neft 7 milyard 803 milyon 144 min dollara, təbii qaz isə 8 milyard 29 milyon 188 min dollara satılıb.
İqtisadçıların diqqətini çəkən digər məqam isə ixracın aprel ayında pik həddə çataraq, 4 milyard 843 milyon manat, iyunda isə 1 milyard 853 milyon dollara düşməsidir. 3 milyard dollarlıq fərq də suallar yaradır…