İspaniyanın “Barselona” klubuna qarşı daha bir ittiham irəli sürülüb.
Fanat.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Çelsi”nin müdafiəçisi Markos Alonsonun transferi ilə bağlı saxtakarlıqda ittiham olunur.
Belə ki, İspaniyanın dördüncü liqasında çıxış edən “Union Adarve” klubu 2022-ci ilin yayında müdafiəçinin pulsuz transferi ilə əlaqədar FİFA Mübahisələrin Həlli Palatasına şikayət edib. Madrid komandası kataloniyalıları transfer zamanı pozuntularda günahlandırır və iddia edir ki, əslində “Barsa” və “Çelsi” oyunçu dəyişikliyi ediblər: hücumçu Pyer-Emerik Obameyanq, Alonso və daha 12 milyon avro müqabilində. “Union Adarve” Alonsonun bir müddət onların komandasında məşq etdiyi üçün 103 min avro həmrəylik ödənişi tələb edib.
Xatırladaq ki, “Barselona” daha öncə İspaniya Hakimlər Komitəsinin vitse-prezidenti Xose Maria Enrikes Neqreiraya 2016-2018-ci illər ərzində 1,4 milyon avro rüşvət verməkdə ittiham olunmuşdu. Xose Maria bu pulu konsaltinq xidmətləri qarşılığında aldığını bildirib. Klubdan da eyni məzmunlu açıqlama verilib. Qeyd olunub ki, İspaniya Kral Futbol Federasiyasının rəsmisi gənc oyunçulara hakimlik haqqında məlumat vermək üçün pul alıb. İddiaya görə, Xose Maria 2003-cü ildən bəri “Barselona”dan 4,7 milyon avro alıb. 2016-2018-ci illər aralığında Neqreiraya məxsus şirkətin dövriyyəsinin 95 faizi “Barsa”dan alınan ödənişlər olub.
“Barselona”nın hakim qalmaqalı ilə bağlı məsələdə günahı təsdiqini taparsa, kataloniyalıları La Liqadan qovulmaq, korrupsiya hesab edilərsə, xalların tutulması və cərimələr gözləyir. Neqreira 1994-2018-ci illərdə texniki hakimlər komitəsinin vitse-prezidenti vəzifəsində çalışıb.