Şikayət Beynəlxalq Futbol Federasiyasının Etika Komitəsinə göndərilib
İran Futbol Federasiyası İranın dövlət atributlarına hörmətsizlik etdiyi iddiası ilə ABŞ milli komandasının 10 oyunluq diskvalifikasiyasını tələb edib. AYNA “The Guardian”a istinadən xəbər verir ki, ABŞ millisinin nümayəndələri ilə bağlı şikayət Beynəlxalq Futbol Federasiyasının (FİFA) Etika Komitəsinə göndərilib.
Qeyd edək ki, DÇ-nın qrup mərhələsində İran-ABŞ yığmalarının görüşü noyabrın 29-da baş tutacaq.
İki turdan sonra İran millisi B qrupunda ikinci pillədə qərarlaşıb. İlk mərhələdə Karluş Keyruşun yetirmələri İngiltərə yığmasına 2:6 hesabı ilə məğlub olub. Daha sonra İran millisi Uelsi 2:0 hesabı ilə məğlub etməyi bacarıblar. ABŞ yığmasının isə qrupda iki xalı var.
Xatırladaq ki, ABŞ Futbol Federasiyası noyabrın 27-də səhər saatlarında öz sosial şəbəkələrində İslam Respublikasının simvolu olan İranın gerbi olmayan dövlət bayrağını dərc edib.
“Associated Press” agentliyinin məlumatına görə, bu, Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsinin hər iki ölkə komandalarının iştirakı ilə keçiriləcək üçüncü tur matçı öncəsi İrandakı etiraz aksiyalarına dəstək məqsədilə edilib.