Futbol üzrə dördüncü dünya çempionatı 1942-ci ildə keçirilməli idi. Ev sahibliyinə Almaniya, Argentina və Braziliya iddialı idilər. Əvvəlki iki çempionatın İtaliya və Fransada keçirildiyi nəzərə alınsa, Cənubi Amerika ölkələrindən biri daha şanslı görünürdü. Amma İkinci dünya müharibəsinin başlaması ilə proses dayandı.
Müharibə bitəndən sonra FİFA çempionatı bərpa etmək üçün səy göstərməyə başladı. Amma dünyanın yarısı xarabazara çevrilmişdi, iştirakçı olmayan dövlətlər belə iqtisadi tənəzzül keçirirdilər. Buna görə də yeni ev sahibi tapmaq asan deyildi. FİFA-nın 1946-cı il iyulunda Lüksemburqda keçirilən konqresində yalnız Braziliya çempionatın 1949-cu ildən tez keçirilməməsi şərti ilə ev sahibliyinə razı oldu. Daha sonra turnirin vaxtı 1950-ci ilə keçirildi.
Çempionatda iştirak etmək istəyənlərin də sayı çox deyildi. Bir çox komandalar seçmə oyunlarda iştirakdan imtina etdilər. Vəsiqə qazanan 16 komandadan da Şotlandiya və Türkiyə Braziliyaya getməyəcəyini bildirdi. FİFA onların yerini Fransa və Portuqaliyaya təklif etdi, fransızlar razılaşdılar.
Beləcə, püşkatmada 15 komanda iştirak etdi. Ancaq imtinalar bununla bitmədi. Püşkdən sonra Fransa fikrini dəyişdi. Eləcə də Hindistan xərcləri səbəb göstərərək, iştirakdan vaz keçdi. Nəticədə, 1930-cu ildə Uruqvayda keçirilən ilk çempionatda olduğu kimi, 13 komanda iştirak etdi.
FİFA yeni püşkatma keçirmədi. Bu səbəbdən qruplarda komandalar qeyri-bərabər bölündülər. Püşkə görə, ilk üç qrupda 4, dördüncü qrupda isə 3 komanda (Uruqvay, Boliviya və Fransa) iştirak edəcəkdi. Fransanın və Hindistanın imtinasından sonra üçüncü qrupda 3, dördüncü qrupda da 2 komanda qaldı.
Turnirin reqlamentinə görə, dörd qrupda birinci yeri tutan komandalar yekun mərhələyə çıxacaq, burada dairəvi sistem üzrə keçirilən oyunlardan yekun yerlər müəyyənləşəcəkdi. Başqa sözlə, turnirdə final qarşılaşması nəzərdə tutulmurdu.
***
Bütün Braziliya iyunun 24-nü, çempionatın açılış gününü səbirsizliklə gözləyirdi. Demək artıqdır ki, braziliyalılar öz komandalarından yalnız çempionluq umurdular. İstənilən digər nəticə uğursuzluq demək idi. Amma hələ qrup turnirində Braziliya komandası azarkeşlərinə adrenalin yaşatdı.
Birinci qrupda çıxış edən ev sahibləri məhz dünya çempionatı üçün tikilən 200 minlik “Marakana” stadionunda ilk oyunda Meksikaya inamla qalib gəldilər (4:0), amma ikinci turda İsveçrənin müqavimətini qıra bilmədilər – 2:2. Yuqoslaviya isə həm İsveçrəyə (3:0), həm də Meksikaya (4:1) böyük hesabla qalib gəldi. Beləliklə, son görüşdə braziliyalılar yalnız qələbə qazanmalı idilər. “Selesao” bunu bacardı (2:0) və azarkeşlər dərindən nəfəs aldılar.
İkinci qrupda birinci yeri İspaniya tutdu. Pireneylilər ABŞ-a (3:1), Çiliyə (2:0) və İngiltərəyə (1:0) qalib gəldilər. Onu da deyim ki, bu, ingilislərin dünya çempionatında ilk iştirakı idi. Futbol baniləri turnirə böyük təşəxxüslə yollanmışdılar, amma İspaniyadan əlavə ABŞ-a da uduzub (0:1), dərin məyusluq yaşadılar.
1934-cü ildən dünya çempionu titulunu daşıyan İtaliya üçüncü qrupda mübarizə aparırdı. Appeninlilər bir il əvvəl böyük itki ilə üzləşdilər. Son beş ildə ölkə çempionu olan əfsanəvi “Torino” (Grande Torino) komandasının oyunçuları aviaqəzada həlak oldular. Onların bir çoxu həm də milli komandada çıxış edirdilər, Valentino Mazzola isə hər ikisinin kapitanı idi. Təsadüfi deyil ki, italiyalılar uğursuz çıxış etdilər: İsveçə 2:3 uduzdular, Paraqvaya 2:0 qalib gəldilər. Cənubi amerikalılarla heç-heçə (2:2) oynayan İsveç qrupda birinci yeri tutdu.
İştirakçıların imtinasından ən çox xeyir görən isə ilk dünya çempionu Uruqvay oldu. Onların cəmi bir rəqibləri vardı, o da olduqca zəif Boliviya komandası idi. 8:0 hesabı ilə qalib gələn Uruqvay növbəti mərhələyə digərlərindən daha təravətli çıxdı.
Final mərhələsinin ilk oyunları iyulun 9-da keçirildi. Amma uruqvaylılar heç də yaxşı təsir bağışlamadılar. Onlar İspaniya ilə oyunda məğlubiyyətdən xilas oldular – 2:2. Braziliya isə İsveçin daşını daş üstdə qoymadı – 7:1. Qrup mərhələsində 3 dəfə fərqlənən Ademir bu oyunda 4 qol vurdu.
İkinci turda “selesao” İspaniyanı darmadağın etdi – 6:1. Uruqvay isə birinci hissədən sonra İsveçə 1:2 uduzurdu, yalnız Oskar Migesin 77 və 85-ci dəqiqələrdə vurduğu qollar hesabına qalib gəldi – 3:2. Beləliklə, həlledici qarşılaşma ərəfəsində Braziliyanın 4, Uruqvayın 3 xalı vardı və son oyunda ev sahiblərini heç-heçə də qane edirdi.
Son oyunlar iyulun 16-na təyin olunmuşdu. Əvvəldən deyim ki, İsveç İspaniyanı 3:1 hesabı ilə məğlub edərək, üçüncü yeri tutdu.
***
Bütün Braziliya öncədən qələbəni bayram edirdi. Keçirilən oyunların müqayisəsi belə əhvala əsas verirdi. Braziliya İspaniya və İsveçə qarşı oyunlarda ümumi 13:2 hesablı qələbə qazanmışdı. Uruqvay isə həmin komandalara qarşı oyunların yalnız birində son dəqiqələrdə qələbə çalmışdı. Qolların göstəricisi isə 5:4 kimi mütəvazi nəticə idi.
Bir il əvvəl elə Braziliyada keçirilən Cənubi Amerika çempionatının nəticələri də arxayınlıq üçün daha bir stimul idi. Həmin çempionatda ev sahibləri çempion oldular, Uruqvay isə yalnız 6-cı yeri tutdu. Komandaların üzbəüz qarşılaşması “selesao”nun 5:1 hesablı qələbəsi ilə yekunlaşdı. İndi həmin komandanı udmaq, ya da ən pis halda heç-heçə etmək niyə mümkünsüz olmalı idi?
Amma son qitə çempionatı ilə bağlı başqa bir mühüm bir detal vardı ki, braziliyalıların, xüsusən də futbolçuların unutmaması faydalı olardı. Turnirin son oyununda, daha doğrusu, sonuncu olmalı oyununda Braziliya Paraqvay ilə qarşılaşırdı. Ev sahibləri 6 oyundan sonra maksimum xal toplamışdılar. Paraqvay isə 5 oyunu udub, Uruqvaya 1:2 uduzmuşdu. Həmin oyunda da braziliyalıları heç-heçə qane edirdi. Onlar 33-cü dəqiqədə hesabı açdılar, amma 75 və 85-ci dəqiqələrdə qol buraxıb, 1:2 uduzdular. Hər iki komanda eyni xal topladı. Reqlamentdə əlavə göstəricilər nəzərə alınmadığından üç gün sonraya əlavə oyun təyin edildi. Soyuq duşdan özlərinə gələn Braziliya futbolçuları rəqibi darmadağın etdilər – 7:0.
Üstündən 14 ay keçəndən sonra həmin arxayınçılığın verdiyi dərs yaddan çıxmışdı. Braziliyalılar həlledici oyun başlamamış çempionluğu bayram edirdilər. Bir gün əvvəl “Gazeta Esportiva” yazırdı: “Biz sabah Uruqvaya qalib gələcəyik”. Oyun günü “O Mundo” qəzeti milli oyunçuların şəklini “Dünya çempionları” başlığı ilə dərc etmişdi. Oyundan sonra ifa etmək üçün “Brasil Os Vencedores” (Braziliya qalibdir) mahnısı bəstələnmişdi.
Start fitindən saatlar öncə onminlərlə braziliyalı qələbəni öncədən bayram edə-edə Marakana stadionuna yollandılar. Rəsmən 173 850 bilet satılmışdı, amma xeyli adamın stadiona biletsiz daxil olduğu məlumdur. Matça ən azı 199 854 nəfərin baxdığı güman edilir ki, bu da təkcə dünya çempionatları üçün deyil, ümumiyyətlə, bütün futbol matçları üçün rekord göstəricidir.
“Selesao” meydana o vaxta qədər ənənəvi olan formasında – göy yaxalıqlı ağ köynəkdə, ağ şort və ağ corablarda çıxdılar. Jurnalistlərin bütün diqqəti onlarda idi. Hamı gələcək dünya çempionlarının uğurlu kadrını tutmaq istəyirdi. Ev sahibləri ilə eyni vaxtda meydana çıxan uruqvaylılara heç kəs, hətta Uruqvay jurnalistləri diqqət ayırmadılar.
Rio de Janeyro dairəsinin prefekti Ancelo Mendes de Morais matç öncəsi üzünü həmvətənlərinə tutaraq söylədi: “Mən sizi dünya çempionatının qalibi sayıram. Siz iki saatdan sonra dünya çempionu elan olunub, milyonlarla vətəndaşımızı sevindirəcəksiniz… Siz hamıdan güclüsünüz və mən sizi qaliblər kimi salamlayıram”.
***
Yerli vaxtla saat 15:00-da başlayan oyunda braziliyalılar böyük üstünlüyə malik idilər və dalbadal hücum edirdilər. Amma “la celeste” uğurla müdafiə olunur, oyunun tempini və azarkeşlərin ajiotajını aşağı salmağa çalışır, öz fürsətlərini gözləyirdilər. Tamaşaçılar qonaqların qapısına qol yağışı gözlədikləri halda, birinci hissə 0:0 hesabı ilə bitdi.
Əvəzində ikinci hissənin əvvəlində, 47-ci dəqiqədə hesab açıldı. Ademirin ötürməsindən sonra bir qədər sağdan cərimə meydançasına daxil olan Friasa topu yerlə uzaq küncə yönəltdi. Uruqvaylı qapıçı Maspoli reaksiya verməkdə gecikdi – 1:0. Azarkeşlər tilsimin sındığını güman edərək, qolların davamını gözlədilər, amma dəqiqələr keçir, hesab dəyişmirdi. Əvəzində itirməyə bir şeyləri qalmayan “la celeste” hücuma atıldı.
66-cı dəqiqədə uruqvaylı hücumçu Giggia sağ cinahda müdafiəçini keçərək irəlilədi və topu yerlə cərimə meydançasına ötürdü. Sonralar bütün dövrlər üçün Uruqvayın ən yaxşı futbolçusu sayılacaq Xuan Skyaffino yaxın doqquzluğa güclü və dəqiq zərbə endirdi – 1:1.
Vurulan qoldan sonra uruqvaylılar daha əzmli oynamağa başladılar. “Selesao” isə əvvəlki kimi inamlı görünmürdü. Onlar artıq heç-heçəyə də razı idilər. Amma buna da nail olmadılar. 79-cu dəqiqədə Giggia cərimə meydançasının sağ tərəfindən iti bucaq altında qapıya yaxınlaşdı. Braziliyalıların qapıçısı Barboza topun qapıçı meydançasına ötürüləcəyini gözləyərkən uruqvaylı topu yaxın dirəyin dibindən qapıdan keçirdi – 1:2.
Bütün stadiona ölüm sükutu çökdü. Sonralar Giccia deyəcək: “Cəmi üç nəfər “Marakana”nı susdurub: Frenk Sinatra, Roma papası və mən”. Dəqiqələr keçdikcə stadionda gözündən yaş gələn insanların sayı artırdı. Yəqin ki, hamı qəlbində Tanrıya yalvarırdı. Amma ingilis Corc Rider final fitini çalana qədər hesab dəyişmədi və Uruqvay ikinci dəfə dünya çempionu oldu.
Baş verən hadisə ağlasığmaz idi. Stadiona toplaşanlar bunun reallığına inana bilmirdilər. Onlar dəhşətli yuxudan oyanacaqlarını gözləyirdilər. FİFA-nın fransız prezidenti, cibində portuqal dilində yazılan və Braziliya komandasına ünvanlanan təbrik mətni olan Jül Rime öz adını daşıyan kuboku təntənəsiz, sakit-sakit Uruqvayın kapitanı Varelaya təqdim etdi. Həmin gün Braziliyada bir neçə nəfərin intihar etdiyi söylənilir.
***
Bu oyun Braziliya millisinin ağ formada son oyunu oldu. Rəngin düşərli olmadığı qənaətinə gələn rəsmilər onu ölkə bayrağının rəngləri ilə əvəzlədilər – yaşıl yaxalıqlı sarı forma, göy şort və ağ corablar. Şok o qədər böyük idi ki, Braziliya növbəti matçını az qala 2 il sonra, 1952-ci ilin aprelində keçirdi.
“Marakanaso” adını alan hadisənin Braziliyada doğurduğu təəssüratı yazıçı və jurnalist Nelson Rodriges belə təsvir edirdi: “Hər bir ölkənin öz milli fəlakəti, Xirosiması var. 1950-ci ildə Uruqvaya qarşı oyun bizim fəlakətimiz, bizim Xirosimamız oldu”.
Məğlubiyyətin əsas günahkarı qapıçı Barboza elan edildi. İdman jurnalisti Armando Noqeyra isə qapıçını müdafiə edərək, deyirdi: “Braziliya oyun ərəfəsində uduzmuşdu”. Buna baxmayaraq, ikinci qolda qapıçını günahlandıranlar daha çox idilər. 2000-ci ildə vəfat edən Barboza son müsahibələrinin birində deyirdi: “Braziliyada ən ağır həbs cəzası 30 ildir, mən isə 50 ildir etmədiyimin cəzasını çəkirəm”.
1950-ci il finalının həyatda qalan son iştirakçısı Alsides Giggia idi. Qələbə qolunun müəllifi 88 yaşında, 2015-ci il iyulun 16-da vəfat etdi. Həmin gün Marakanasonun 65-ci ildönümü idi…
Yadigar Sadıqlı