Azərbaycanın daha 4 kişi boksçusu Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirinin finalına vəsiqə qazanıb.
Moderator.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, ənənəvi yarışın yarımfinal görüşlərindən sonra buna aydınlıq gəlib.
Həsən Məlikov (48 kq) yarımfinalda Şodiyorjon Melikuziyevi (Özbəkistan) 3:2 (28:29, 29:28, 29:28, 29:28, 27:30) hesabı ilə məğlub edib. Məlikov finalda qazaxıstanlı Temirtaş Jussupovla münasibətinə aydınlıq gətirəcək.
Şamil Əsgərov (57 kq) Buzurqmehr İskanovla (Tacikistan) dueldən üstün ayrılıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). O, qızıl medal uğrunda Xudoynazar Fayzovla (Özbəkistan) qarşılaşacaq.
Əzrək Bəbirov (60 kq) özbəkistanlı Sayat İlyasovdan güclü olub – 3:2 (29:28, 29:28, 27:30, 28:29, 29:28). Bəbirov qalib adı uğrunda Talqat Sirimbetovla (Qazaxıstan) mübarizə aparacaq.
Komanda yoldaşlarının uğurunu Tayfur Əliyev (63,5 kq) də təkrarlayıb. Boksçu finala gedən yolda rusiyalı İlya Popovu 4:1 (27:30, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Əliyev həlledici görüşdə Abdullah Madaminovla (Özbəkistan) qüvvəsini sınayacaq.
Beləliklə, bu gün baş tutacaq finallarda rinqə çıxacaq Azərbaycan boksçularının sayı 6-ya yüksəlib. Daha öncə Murad Allahverdiyevlə (86 kq) Alfonso Dominqes (92 kq) bu hüquqa yiyələnmişdilər. Onlar müvafiq olaraq Xasmaqomed Cavatxanov (Rusiya) və Toqambay Sadindiklə (Qazaxıstan) döyüşəcəklər.
Sərxan Budaqovla (80 kq) Məhəmməd Abdullayevin (+92 kq) ardınca Malik Həsənov (63,5 kq), İlqar Salahov (67 kq), Kamran Şahsuvarlı və Mirşərif Kazımzadə (hər ikisi 75 kq) yarımfinalda məğlub olaraq bürünc medal qazanıblar.
Boks Mərkəzində keçirilən yarışın final döyüşləri saat 14:00-da başlayacaq.
Qeyd edək ki, qadınlardan ibarət Azərbaycan millisi turniri 2 qızıl, 3 gümüş və 4 bürünc medalla bitirib.