Almaniya Bundesliqasının 25-ci turunun “Bayer” - “Volfsburq” qarşılaşması başa çatıb. Komandalar Leverkuzen şəhərinin BayArena stadionunda qarşılaşıblar. Görüşün baş hakimi Daniel Siebert olub.
Artıq 28-ci dəqiqədə “canavarlar”ın müdafiəçisi Moritz Jenz meydandan qovulub. Doqquz dəqiqə sonra “Bayer” bu boşluqdan məharətlə yararlanıb - Natan Tella meydan sahiblərini hesabda irəli çıxarıb. 86-cı dəqiqədə “Bayer”in hücumameyilli yarımmüdafiəçisi Florian Virtz matçda son nöqtəni qoyub - 2:0.
“Bayer” bu mövsüm Bundesliqada şəriksiz liderdir. Komanda 25 matçda 67 xal toplayıb. Xabi Alonsonun yetirmələri ikinci yerdə qərarlaşan “Bavariya”nı 10 xal qabaqlayırlar. “Volfsburq” isə 25 xalla 13-cü yerdədir.
Leverkuzenlilər bütün turnirlərdə bugünkü oyun daxil 35 oyundur uduzmurlar. Xabi Alonsonun çalışdırdığı kollektiv bunlardan 31-də qalib gəlib, 4 oyunda heç-heçə edib. Qeyd edək ki, bu il Avropanın məğlubedilməzi sayılan “Bayer” UEFA Avropa Liqasında “Qarabağ”ın rəqibidir. Bakıda keçirilən ilk oyunda “Köhlən atlar” güclü rəqibi ilə heç-heçə etmişdi. Cavab qarşılaşması isə martın 14-də Leverkuzendə keçiriləcək.