Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir. Modern.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cengiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib.
Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq.