“On səkkiz yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatındakı rəqiblərim çox güclü idi”.
Bunu “Report”a açıqlamasında İtaliyanın Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Ayan Allahverdiyeva deyib.
“Yarış çox gərgin keçdi. Ötən il dünya çempionatında ikinci yerə çıxmışdım. Bu il axır ki, birinci yerə çıxa bildim”, - Azərbaycan idmançısı vurğulayıb.
“Bəzi səhvlərimi düzəldə bildim. Təcrübə də çox kömək etdi. Şükür Allaha, hər şey yaxşı oldu. Üç dəfə heç-heçə elədim, səkkiz dəfə uddum, 9,5 xal topladım”, - o deyib.
A.Allahverdiyeva bəzi rəqiblərinin güclü olduğunu vurğulayıb:
“Qazaxıstan, Ukrayna, Rusiya, ABŞ şahmatçıları güclü oyun göstərdilər. Yarış gərgin keçdi”.
“Bu, mənim ən böyük uğurum idi. Qeyd edim ki, bundan əvvəl üç dəfə Avropa çempionu olmuşam. İnşallah şahmatın rapid və blits növləri üzrə dünya çempionatı keçiriləcək. Bu, şahmat bayramıdır. Çempionat yeni ildən əvvəl olur. Yarışda ən yaxşı şahmatçılar iştirak edirlər. Bu yarışdan sonra məni oraya dəvət etdilər”, - A.Allahverdiyeva deyib.
Qeyd edək ki, A.Allahverdiyeva Montesilvano şəhərində 18 yaşadək şahmatçılar arasında keçirilən dünya çempionatında qızıl medal qazanıb. O, 11 oyunda 9,5 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Yarışda 94 ölkədən 1 000-ə yaxın şahmatçı iştirak edib.