İngiltərə Premyer Liqasının 10-cu turunda “Liverpul” öz meydanında “Nottinhem Forest”i qəbul edib.
“Enfild”də baş tutmuş matç “qırmızılar”ın böyük hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab 31-ci dəqiqədə açılıb: Qapıçının Darvin Nunyesin zərbəsini dəf etdikdən sonra Dioqo Jota topu qapıya göndərərək ev sahiblərinin ilk qoluna imza atır. Cəmi 4 dəqiqə sonra “Liverpul” fərqi artırıb: Nunyes macarıstanlı Soboslainin verimli ötürməsindən maksimum yararlanıb. Oyunda son nöqtəni isə 77-ci dəqiqədə misirli Məhəmməd Salah qoyub. Ona məhsuldar ötürməni yenə macarıstanlı pleymeyker edib. Matçın əlavə edilmiş dördüncü dəqiqəsində “qırmızılar”ın hücumçusu Kodi Qakpo da fərqlənsə də, onun qolu ofsayd səbəbindən ləğv edilib. Beləliklə, matç “Liverpul”un “Nottinhem Forest” üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 10 oyundan sonra “Liverpul”un aktivində 23 xal var. Mersisayd təmsilçisi 3-cü pillədə qərarlaşıb. Onu zirvədəki “Tottenhem”dən 3 xal ayırır. “Nottinhem Forest”in isə cəmi 10 xalı var. Komanda 16-cı pillədədir.