“Qazaxıstan və Azərbaycan qrupun ən güclüləridir. Hər iki komandanın qrupda ilk iki yeri tutmaq üçün yaxşı imkanları var.”
Bunu Qazaxıstan futzal millisinin baş məşqçisi Kaka Azərbaycana 4:2 hesabı ilə qalib gəldikləri DÇ-2024-ün elit mərhələ oyunundan sonra mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis komandasının çıxışından razılıq bildirib: “Başqa cür gözləmirdim. Azərbaycanla aramızda oyunlar həmişə gərgin keçib. Aktaudakı görüşdə də eyni bugünkü ssenaridə keçmişdi. Çox maraqlı oyun keçdi. Bizim üçün 3 xal vacib idi və buna nail olduq. Qələbəyə layiq idik”.
O, komandasının birinci hissədə hesabda geri düşməsinə baxmayaraq, sonda qələbə qazanmasını belə əsaslandırıb: “Fasilədə futbolçulara dedim ki, eyni formada pressinq etməlisiniz, gec-tez qollar gələcək. Bunu da bacardıq”.
Baş məşqçi cavab matçından gözləntilərini də bildirib: “Azərbaycan çox güclü rəqibdir. Görüşə ciddi hazırlaşacağıq. Qazaxıstanda oynayacağımız üçün müəyyən üstünlüyümüz ola bilər. Amma yenə də görüşə ciddi yanaşacağıq”.