“Real Madrid” 2024-cü ilin yayı üçün Paris Sen-Jermen və Fransa millisinin hücumçusu Kilian Mbappe ilə razılığa gəlib.
Lent.az-ın xarici KİV-ə istinadla məlumatına görə, qeyd olunur ki, İspaniya klubu Mbappeni cari mövsümlərarası fasilədə almaq və ya hücumçunu pulsuz əldə etmək üçün 2024-cü ilin yayına qədər gözləmək variantları arasında tərəddüd edir. “Real Madrid” və PSJ arasında hələ transfer danışıqları aparılmayıb, Madrid klubu Mbappe üçün 180-200 milyon avro ödəməyə hazır olacaq.
Hücumçunun PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır və o, müqavilənin avtomatik uzadılması variantından imtina edib. O, növbəti mövsümü də Fransa klubunda keçirəcəyini bildirib.
Mbappe ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 9 məhsuldar ötürmə edib. Hücumçu Fransa-2022/23 çempionatının ən yaxşı oyunçusu olub. O, 2019-cu ildən turnirin ən yaxşı futbolçusu kimi tanınır.