Bu yaxınlarda fransalı yarımmüdafiəçi Bubakar Kamara ailə həyatı qurub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, “Aston Villa”nın oyunçusunun seçdiyi şəxs sosial mediada 2 milyondan çox izləyicisi olan 27 yaşlı Korali Porrovekkio olub. Yeni evlənənlər möhtəşəm şənlik keçiriblər və bu mərasimdə Pol Poqba, Kilian Mbappe, Felipe Koutinyo, Unai Emeri və başqa futbol ulduzları iştirak ediblər.
Belə parlaq və alovlu bayramdan sonra, gözlənildiyi kimi, gənclər çoxdan gözlənilən bal ayı səyahətinə çıxıblar. Futbolçunun planları Maldiv adalarında bir neçə gün həyat yoldaşının yanında olmaq idi, hər şey həmişəkindən daha yaxşı gedib. Günəş, dəniz, qum, sevimli həyat yoldaşın da yanında - başqa nə xəyal edə bilərsiniz? Sonradan məlum olduğu kimi, bir şey başqa səmtə yönəlibmiş...
Bubakar Kamara uzun müddətdir ki, milli komanda səviyyəsində özünü göstərmək arzusunda olub. Ötən mövsüm o, İngiltərənin "Aston Villa"sının sıralarına qoşulub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərib, xüsusən də onun köməyi ilə komanda avrokubok zonasına düşə bilib. Bununla belə, yarımmüdafiəçi bütün müsahibələrində əsas məqsədlərindən birinin Fransa millisində yer almaq olduğunu qeyd edib. Bəli, bir çox futbolçular bunu arzulayır, amma hər kəs öz istəkləri uğrunda fədakarlıq etməyə hazır deyil.
Xoşbəxt Kamara artıq gənc həyat yoldaşı ilə çimərlikdə əyləndiyi zaman, birdən özünü sübut etmək şansı yaranıb - zədəli Adrien Rabionun əvəzinə yarımmüdafiəçi Fransa millisinə çağırılıb. Bütün işlərini və həyat yoldaşını tərk edən futbolçu ölkəsinin köməyinə gedib. Həvəslənən və ruhlanan Bubakar artıq Avro 2024-ün seçmə mərhələsində necə oynaya biləcəyini səbirsizliklə gözləyib.
Fransa yığması Cəbəllütariq və Yunanıstan komandaları ilə iki oyun keçirib. Hər iki oyun sonda müvafiq olaraq 3:0 və 1:0 hesab ilə fransızların qələbəsi ilə başa çatıb. Bütün bu hekayədə ən diqqətçəkən məqam odur ki, Didye Deşam yalnız üç oyunçunu - Markus Tyuram, Jordan Veret və bədbəxt Bubakar Kamaranı bu görüşlərdə meydana buraxmayıb. Yığmanın baş məşqçisi 23 yaşlı futbolçu ilə bağlı yaranmış bütün vəziyyəti öyrəndikdən sonra Deşam deyib: "Ümid edirəm ki, madam mənə çox əsəbiləşməyəcək".
İndi hər kəsi sual maraqlandırır: “Bubakar Kamaranın gənc həyat yoldaşı onun hərəkətinə necə reaksiya verəcək?”