“Qarabağ”ın futbolçusu Musa Qurbanlı karyerasını ölkə xaricində davam etdirməyə yaxındır.
Aut.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının bombardiri Avstriya təmsilçisi “Zalsburq”un transfer siyahısında yer alıb. “Buğalar” millimizin üzvünü heyətində görməkdə israrlıdır. Sözügedən klubun skautları bir müddətdir Musanı izləyir.
21 yaşlı forvardın “Zalsburq”un maraq dairəsində düşməsinin səbəblərindən biri də klubun məxsus olduğu “Red Bull” şirkətidir. Dünyanın tanınmış brendinin futbolçumuzla tərəfdaşlığa başlaması bu məsələdə böyük rol oynayıb. Yəni Musa “Red Bull” idmançısı kimi boşuna seçilməyib.
“Zalsburq”un idman direktoru Kristof Froynd bu transferə “yaşıl işıq” yandırıb. Bu o demədir ki, mövsümün sonunda Avstriya təmsilçisi baş məşqçi Qurban Qurbanovun oğluna görə “Qarabağ”ın qapısını döyəcək. Bu transferin maliyyə detalları tam bəlli deyil. Amma məlum olan odur ki, keçid reallaşsa, Musa Qurbanlı futbolumuzun tarixinə ən yüksək qiymətə satılan yerli futbolçu kimi düşəcək.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm “Qarabağ”ın heyətində ümumilikdə 34 oyun keçirib. Onun aktivində 22 qol və 7 məhsuldar ötürmə var.