“Bakı”nın sabiq legioneri Serxio Kontreras Pardo yenidən həbs olunub.
Publika.az “RMC Sport”a istinadən xəbər verir ki, 40 yaşlı keçmiş hücumçu Avropada narkotik maddələrin alınması və yayılması ilə məşğul olan dəstə yaratmaqda ittiham edilir.
“Koke” ləqəbi ilə tanınan oyunçunun 16 il müddətinə azadlıqdan məhrum olunacağı gözlənilir.
İş üzrə məhkəmə bu gün Malaqada başlayacaq. Yerli prokurorlar sabiq forvardın dəstəyə rəhbərlik etdiyini və bütün göstərişləri onun verdiyini düşünür.
“Koke” təqsirli hesab olunsa, əlavə olaraq 150 min avro məbləğində cərimələnə bilər.
Serxio Kontreras Pardo 2019-cu ildə narkotik alverində iştirak etdiyinə görə həbs edilmişdi. O, səkkiz ay həbsdə qaldıqdan sonra 2021-ci ilin iyulunda 15 min avro girov ödədikdən sonra şərti azadlığa buraxılıb.
2012-ci ildə “Bakı”da çıxış etmiş “Koke” 4 il sonra karyerasını başa vurub. O, Fransada “Marsel”, İspaniyada “Malaqa” kimi klubların da formasını geyinib.