Evi məcburi köçkün tərəfindən zəbt olunan ailə illərdir kirayələrdədir - VİDEO
Dördotaqlı evi məcburi köçkün tərəfindən zəbt olunan sumqayıtlı ailə 10 illərdir ki, kirayələrdə qalır.

APA xəbər verir ki, Ağakişiyevlər ailəsi 1994-cü ilə kimi Ağakişiyev Firuddin Balaqadaş oğluna uzun illər işlədiyi, Sumqayıt şəhərində yerləşən “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi )1978-ci ildə verilən evdə yaşayıblar. 1994-cü ildə müraciətləri əsasında icra hakimiyyəti tərəfindən onlara köhnə evi dövlətə təhvil vermək şərti ilə verilən yeni dördotaqlı evə köçmək istəyərkən məlum olur ki, onların halal mənzili Kəlbəcərdən məcburi köçkünlər Muxtarov Zakir Ədil oğlu, Muxtarov Solmaz Ədil qızı və onların ailəsi tərəfindən zəbt olunub. Ailə Sumqayıt sakininin mənzilinə qapısını sındıraraq daxil olub. Bununla da Ağakişiyevlər dövlətə təhvil verdikləri evə geri qayıdıblar. Amma bu evdə yaşamaq da onlara qismət olmayıb.

Beləliklə hər iki evini itirən ailə o gündən kirayələrdə gün keçirir. Ağakişiyevlər indiyədək kirayələrdə 30 min manatdan çox pul xərclədiklərini bildirirlər.

Həqiqət Ağakişiyeva deyir ki, həyat yoldaşı Firuddin Ağakişiyev rəhmətə gedənə kimi öz evlərində yaşamaq üçün uzun müddət mübarizə aparıb, amma öz evində yaşamaq ona qismət olmayıb. O, 2019-cu ildə rəhmətə gedib. Həqiqət xanımın tək istəyi heç olmasa övladlarının kirayələrdən qurtulmasına nail olmaqdır.

Həqiqət xanım bildirir ki, zəbt olunan mənzil 27.08.2007-ci il tarixdən onların adına özəlləşdirilib və bütün ailə üzvləri indiyədək elə o evdə qeydiyyatdadırlar.

Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsi ilə evin boşaldılması haqda iddiası təmin edilib. Amma əllərində məhkəmə qətnaməsi olsa da, artıq 12 ildir ki, icra edilmir.


Məhkəmə qətnaməsinin uzun müddət icra edilməməsinə görə həyat yoldaşı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə də şikayət verib. Bu barədə qətnamə qəbul edilib, kömək kimi ailəyə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən 2 310 avro məbləğində kompensasiya da ödənilib.

Həqiqət Ağakişiyeva deyir ki, aidiyyəti dövlət qurumlarına göndərilən rekord sayda məktublara, teleqramlara, müraciətlərə, çoxsaylı məhkəmələrə baxmayaraq, yerinə yetirilməyən vədlərdən başqa heç bir şey əldə etməyib.

Gələn cavablar isə adətən, bu istiqamətdə olub:

“Dövlət Proqramına əlavələrin icrası ilə əlaqədar evlər tikildikdən sonra yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrin, o cümlədən sizin mənzilinizdə məskunlaşmış məcburi köçkün ailəsinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır”.

Ya da: “Hazırda Komitənin balansında boş mənzil fondu olmadığı üçün həmin mənzildə müvəqqəti məskunlaşmış məcburi köçkün ailəsini başqa yaşayış sahəsi ilə təmin etməsi imkanı xaricindədir”.

Ağakişiyevlərin evində yaşayan məcburi köçkün Solmaz Muxtarova isə bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, amma onlara verilən cavab “səbirli olun” olub.

Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə əlaqə saxladıq. Aldığımız cavab isə belə oldu:

“Sorğunuza cavab olaraq bildiririk ki, Dövlət Komitəsinin mənzil fondunda boş yaşayış sahələri yoxdur, eyni zamanda, məcburi köçkünlər üçün yeni yaşayış sahələri inşa edilmir. Onlar üçün mənzillər bundan sonra yalnız işğaldan azad edilmiş ərazilərdə tikiləcək. İşğaldan azad edilmiş ərazilərə respublikanın şəhər və rayonlarda müxtəlif təyinatlı müvəqqəti məskunlaşma obyektlərində yaşayan məcburi köçkünlərin köçürülməsi zamanı başqasının mənzilində yaşayan məcburi köçkünlər də mərhələli şəkildə köçürüləcəklər”.

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafazadə isə bildirir ki, didərgin düşmüş məcburi köçkünlərin yaşayış problemlərinin başqa mülkiyyətçilərin hesabına həll edilməsi Konstitusiya ilə yolverilməzdir. Bu vəziyyətdə vətəndaşın kirayələrdə xərclədiyi pulla bağlı dəymiş zərərə görə vəsatət qaldırmaq hüququ yaranır.

Həqiqət xanım isə bildirir ki, həyat yoldaşı qanunvericiliklə müəyyən edilmiş müddətlərdə onun xeyrinə olan Sumqayıt Şəhər Məhkəməsinin 03 avqust 2011-ci il tarixli qətnaməsinin icra edilməməsinə görə ailəyə dəymiş maddi və mənəvi ziyanın əvəzi olaraq hər iki qurumun ayrılıqda 10 000 manat ödəməsi üçün Sumqayıt şəhər İcra və Probasiya İdarəsinə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı məhkəmədə iddia qaldırıb, amma bu tələbləri təmin olunmayıb.

Bölmənin digər xəbərləri

20 Aprel 2025 60-dan çox şagird bu gün keçiriləcək buraxılış imtahanında iştirak edə bilməyəcək - SƏBƏB
20 Aprel 2025 Türkiyədə turistlər üçün hazırlanmış saxta avro sikkələri müsadirə olundu
20 Aprel 2025 Bu gün Bakının 550 küçəsi yuyulub
20 Aprel 2025 32 nəfərin zəhərləndiyi "Venesiya"da bu axşam da toy var - Bir nəfər 80 manatdan başlayır
20 Aprel 2025 Adı plastik cərrahların siyahısında olmayanların aqibəti necə olacaq? - VİDEO
20 Aprel 2025 İntensiv yağıntı zamanı su altında qalan maşınların aqibəti necə olacaq? - VİDEO
19 Aprel 2025 Nazir müavini Saməddin Əsədovun qanunsuzluqları aşkarlandı- Tenderlərdə bu qədər vəsaiti.....
19 Aprel 2025 Qanunsuz mərc oyunları - 29 milyon dövriyyəsi olan Urfan Quliyev necə bəraət alıb?
19 Aprel 2025 Azərbaycanda “brend mallar” adı altında keyfiyyətsiz məhsullar satılır – HEÇ BİR QURUM MƏSULİYYƏTİ ÜZƏRİNƏ GÖTÜRMƏK İSTƏMİR
19 Aprel 2025 Anar Axundovla Valeh Mirzəliyevin 1.3 milyonluq vəsaiti.....-Qalmaqal
18 Aprel 2025 Bakıda həmin vaxt avtobuslardan pulsuz istifadə ediləcək?
18 Aprel 2025 İcra Hakimiyyəti məndən hər ay 500 manat istəyir
18 Aprel 2025 Təhsil Tələbə Krediti Fondu kimlərə kredit verib? - Rəsmi yoxlama aparıldı, ortaya elə faktlar çıxdı ki...
18 Aprel 2025 Bakıda təhlükəli vəziyyət: Körpünü bu balaca taxta saxlayır – FOTO
18 Aprel 2025 Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin bu əmlaklarına həbs qoyulacaq-Siyahı
18 Aprel 2025 Məşhur plastik cərrahlara qadağa - Siyahıda yoxdular
18 Aprel 2025 "Şərur" MTK-nın mənzillərini su damır- Video
18 Aprel 2025 Rusiya İran casusunu Azərbaycana vermədi - DETALLAR
18 Aprel 2025 Kürdəmirdə 2 yaşlı körpə xəstəxanada öldü
17 Aprel 2025 Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar

Dünyapress TV

Xəbər lenti