Dövləti ye, dağıt sonra da KEF ELƏ...
Ötən illər ərzində Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə çərçivəsində xeyli yüksək vəzifəli məmur həbs olunub. Son olaraq qandallanan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oldu. Bundan başqa, 10-dan çox icra başçısı, nazirliklərdə iri vəzifələr tutan onlarla şəxs qandallandı. Onların əksərinə ağır cəzalar verildi.

Ancaq son vaxtlar maraqlı bir proses müşahidə olunur: korrupsiya, rüşvət, dələduzluq ittihamları ilə tutulmuş məmurların çoxunun cəzası azaldılır, bəzilərinin korrupsiya yolu ilə əldə etdikləri mülklərinin əhəmiyyətli hissəsi özlərinə qaytarılır. Məsələn, Səlim Müslümov istintaq dövründə həbsə alınsa da, cinayət işinin materialları məhkəməyə daxil olandan sonra barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığına dəyişdirildi. Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesinin gedişini izləyənlər də prosesin məqsədli şəkildə uzadılmasını müşahidə edir. Azərbaycan məhkəmə praktikasına bələd olanlar da bilir ki, proses ən müxtəlif səbəblər gətirilməklə uzadılırsa, bu, nəticə etibarı ilə təqsirləndirilən şəxsin daha yüngül cəza almasına, perspektivdə isə daha yuxarı məhkəmə instansiyalarından azad edilməsinə xidmət edir. Bu baxımdan, dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaqla sübuta yetirilən Səlim Müslümovun toyuq oğrusuna verilən cəzadan fərqlənməyən cəza alması da təəccüblü olmamalıdır.

Səlim Müslümova münasibətdə daha ağır cinayətlərə görə məhkum olunmuş Akif Çovdarovun 50 milyonluq mülkünü də özünə qaytaran Azərbaycan məhkəmələridir. Ötən gün isə belə bir məlumat yayıldı ki, Göyçay Rayon İcra Hakimiyyətinin 2022-ci ildə həbs olunmuş yüksək vəzifəli şəxslərinə - sabiq başçı Mehdi Səlimzadənin köməkçisi olmuş Vidadi İsayevə və şəhər icra nümayəndəsi olmuş Rəşad Şükürova hökm oxunub, onlardan birinə cəmi 4 il cəza verilib, digəri isə hətta şərti cəza ilə canını qurtarıb. APA-nın əldə etdiyi xəbərə görə, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə onlara hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs Rəşad Şükürova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Rəşad Şükürov CM-in 312-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə təqsirli bilinib. Lakin təqsirləndirilən şəxsə münasibətdə CM-in 70 ( şərti məhkum etmə) maddəsini tətbiq edilib. Rəşad Şükürova yekun olaraq 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib. Qeyd edək ki, Rəşad Şükürov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunub. Rəşad Şükürova qarşı ilk olaraq Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 312 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. İstintaqın gedişi zamanı rüşvət alma ilə bağlı ittihamlar CM-in 178-ci (dələduzluq) maddəsinə tövsif edilib. Sabiq icra nümayəndəsi barəsində ilk olaraq həbs-qətimkan tədbiri seçilib, sonradan isə ev dustaqlığına buraxılıb. O, həbs edilərkən verilən açıqlamada deyilirdi ki, Rəşad Şükürov ayrı-ayrı vəzifəli şəxslərdən xidməti vəzifələrinin icrasına davam etmələri üçün rüşvət verməyəcəkləri təqdirdə işdən çıxarılacaqları ilə bağlı hədə-qorxu gələrək öz xidməti otağında onlardan müxtəlif məbləğlərdə rüşvət alıb. Cinayət əməli üzrə dəymiş ziyanın 800 min manat olduğu müəyyən edilib. Göyçayın sabiq icra başçısının köməkçisi Vahid İsayevə qarşı isə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə irəli sürülmüş ittihama xitam verilib. Vahid İsayev eyni məcəllənin 312.2-ci - rüşvət verməyə təhrik etmə maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq icra başçısının köməkçisi məhkəmə zalında həbs olunub. Rüşvət və korrupsiyaya görə tutulan şəxslərə uzun məhkəmə proseslərinin sonunda yüngül cəzalar verilməsi digər məmurları əyri əməllərini davam etdirməsinə sövq edən amil kimi qiymətləndirilir.

Ən maraqlısı isə odur ki, korrupsioner məmurlara son vaxtlar edilən cəza güzəştlərinin sirri nədir? Onları hansı gizli əl qoruyur? Azərbaycan məhkəmələrinin korrupsiya cinayətləri ilə bağlı tutduğu mövqe ümumilikdə ölkədə aparıldığı elan edilən korrupsiya ilə mübarizəyə zidd deyilmi?

DİA.AZ-ın məlumatına görə, deputat Asim Mollazadə “Yeni Müsavat”a deyib ki, Baş Prokurorluq bu faktları araşdırmalı və müvafiq addımlar atmalıdır: “Korrupsiyaya qarşı mübarizə yalnız həbslərdən ibarət olmamalıdır. Korrupsiyaya qarşı mübarizə prosesində yaranan hər bir şübhəli məqam diqqətlə araşdırılmalıdır. Bu işdə media, cəmiyyət də fəal olmalıdır. Göstərilən faktlar yenidən araşdırılmaqla, məhkəmələrdə işlərin aparılması və yekunda qəbvul edilən qərarların korrupsiya ilə mübarizəyə uyğun olub-olmaması da diqqətlə öyrənilməlidir. Əks təqdirdə, mübarizə heç bir nəticə verməyəcək. Korrupsiyaya qarşı mübarizədə hər bir şübhəli məqamı araşdırmaq üçün işlər davam etdirilməlidir”.

“Dövlət büdcəsindən 27 milyon manat oğurlaması istintaq və məhkəmə araşdırmaları ilə təsbit olunan Səlim Müslümova qarşı Bakı Ağır Cinayətlər Məhkəməsinin tutduğu mövqe normaldırmı” sualına deputat belə cavab verib: “Hər bir belə fakt araşdırılmalıdır. Bilavasitə korrupsiya ilə mübarizə aparan qurum bu məsələlərə reaksiya verməlidirlər”.

“Korrupsiyaya qarşı mübarizənin bu şəklə salınması normaldırmı” sualına Asim Mollazadə belə cavab verdi: “Bu işi peşəkarlar məndən daha yaxşı bilirlər. Hesab edirəm ki, korrupsiya ilə mübarizə aparan təşkilatlar, hüquq-mühafizə orqanları öz işlərini davam etdirməlidirlər və sadalanan faktlar ciddi araşdırılmalıdır. Azərbaycan məhkəmələrində korrupsiya cinayətlərinə dair çıxarılan hökmlər, qərarlar ədalət baxımından şübhə doğurmamalıdır. Əgər belə şübhələr varsa, hüquq-mühafizə orqanları hökm və qərarlardan protest verməli, dövlətin mənafeyini sona qədər müdafiə etməlidirlər. Hər bir hökm qanun çərçivəsində olmalıdır”.

DİA.AZ bildirir ki, tanınmış hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a korrupsiya və rüşvətxorluqla mübarizə üçün şərtlərdən danışıb. Deyib ki, korrupsiya və rüşvətxorluq ilk olaraq dövlət qurumlarından yığışdırılmalıdır: “Dövlət qurumlarının korrupsiyasız fəaliyyətini təmin etmək üçün ilk növbədə şəffaflıq təmin olunmalıdır. Mümkün qədər dövlət qurumlarının fəaliyyəti haqda məlumatlar açıqlanmalıdır. Dövlət vəsaitlərinin xərclənməsi şəffaf olmalıdır. Dövlət orqanı ən azı aylıq əsasda dövlət büdcəsinin hara xərcləndiyini öz internet saytında yaymalıdır. Nə alıblar, neçəyə alıblar, kimdən alıblar bilinməlidir. Adi qələmdən tutmuş nəqliyyat vasitələrinin alınmasına qədər hər bir büdcə vəsaiti sərfiyyatı haqda məlumat ictimailəşdirilməlidir. Dövlət satınalmaları haqda qanuna əməl edilməsi vəziyyəti bərbaddır. Dövlət məmurlarının gəlir və xərc bəyannamələri də olmalıdır. Əgər gəlir bəyannaməsi tətbiq edilərsə, bu halda vəziyyət dəyişəcək”.

Əkrəm Həsənov deyir ki, məhkəmə-hüquq sisteminin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə həyati əhəmiyyəti var: “Azərbaycanda məhkəmələrdə qanuni qərar çıxarılanda bu, qeyri-adi qarşılanır. Dərhal "kiməsə, nəsə vermisiz" kimi söhbətlər yaranır. Belə şəraitdə məhkəmə hüquq islahatlarının aparılması da mümkünsüz hala gəlir. Azərbaycanda əksər dövlətlərdə olduğu kimi korrupsiya ilə mübarizə aparan qurum - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi var. Bu idarənin fəaliyyəti var, amma arzuolunan səviyyədə deyil".

Əkrəm Həsənov hesab edir ki, Azərbaycan Sinqapur modelinə üstünlük verməklə korrupsiya bəlasından qurtula bilər: “Dövlət siyasi cəhətdən sərt qalsa da, iqtisadi məsələlərə qarışmamalıdır. Dövlət məmurları, hakimlər ən yüksək maaşlar almalıdır. Bu gün hamı bilir ki, dövlət məmurunun maaşı onun dolanışığı üçün yetərli deyil. Hamı başa düşür ki, kreslo daha çox dövlətin imkanlarından istifadə üçün bu adamlara gərəkdir. Sinqapurda korrupsiyaya görə cəzalar çox sərtdir, edama qədər gedib çıxır. Azərbaycanda isə korrupsiyaya görə edam əvəzinə ömürlük azadlıqdan mərhum etmə cəzası tətbiq olunmalıdır. Eyni zamanda hakimlərin maaşı ən yüksək səviyyəyə qaldırılmalıdır. Bu gün heç kimə sirr deyil ki, hakimlərə məmurların zəng edib xeyirlərinə qərar verdirmək imkanları qalmaqdadır. Bunun özü korrupsiyadır. Sinqapurda olduğu kimi, Azərbaycanda da hakim də, məmur da bilməlidir ki, iqtisadi məsələlərdə yalnız və yalnız qanuna tabedirlər. Bu halda vəziyyət köklü şəkildə dəyişəcək, Azərbaycan korrupsiya bəlasından xilas ola biləcək”.

Hüquqşünas deyir ki, Azərbaycanda 2005-ci ildə vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydaları barədə qanun təsdiq olunub: “Həmin qanunda xüsusi vurğulandı ki, hər ilin yanvarın 1-dən 30-dək vəzifəli şəxs nəinki özü barədə, ailə üzvləri, o cümlədən həyat yoldaşı və onunla birgə yaşayan valideynləri, uşaqları barədə də məlumatları təqdim etməlidir. Sözügedən qanunun 4-cü maddəsinə əsasən, maliyyə xarakterli məlumatlar bəyannamə formasında olmalıdır. 2005-ci ildən 18 il keçib, ancaq bəyannamənin forması hələ təsdiq edilməyib. Buna görə də heç bir məmur həmin məlumatları Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etmir. Akif Çovdarovun da, Səlim Müslümovun da, həbsə alınan icra başçıları və onların əlaltılarının da cinayətləri o vaxtdan sonra olub. Bu şəxslər o zaman özləri və ailə üzvləri barəsində məlumatları versəydi, ilbəil əmlakları göstərməsəydi, indi istinad edə bilməyəcəkdi ki, bu, mənim filan əmlakımdır, babamdan, nənəmdən qalıb. İri ranqlı məmurlara bu sərf etmədiyi üçün 18 ildir ki, bəyannamənin formasını təsdiq edə bilmirlər”.

Hüquqşünas deyir ki, Azərbaycanda vətəndaş gedib 20 min manat ekvivalentdən çox xarici valyuta ala bilməz, alanda deyirlər, bu pul haradandır, mənbəyini göstər: “Söhbət 20 mindən gedir. Məmurlar isə milyonlar, milyardları talayıb, qohumlarının adına əmlak alırlar, banklarda milyonlarla vəsaiti əmanət saxlayırlar, amma heç kim soruşmur ki, haradandır? Adi vətəndaşdan isə soruşurlar. Hətta məmurların cinayətləri ifşa ediləndə, həbs olunanda da əmlaklarını əllərindən ala bilmirlər, deyirlər ki, filan qohumundur. Halbuki vaxtilə bunu bəyan etsəydi, biləcəkdik ki, filankəsin nəyi var. Bundan bilə-bilə yayınırlar. Bizdə qanun var, amma icra olunmur. Bu, o deməkdir ki, Azərbaycanda hüquq sistemi aldadıcıdır, bərbaddır. Buna daha nə ad verəsən? İndi hamı da baxır, deyir ki, Akif Çovdarov, Səlim Müslümov, icra başçıları taladılar, yedilər, dağıtdılar, camaatın başına min oyun açdılar, axırda da nəinki tez bir zamanda azadlığa çıxdılar, üstəlik, əmlakları da qayıtdı. Halbuki adi vətəndaş kiçik cinayət edir, onu illərlə həbsxanalarda çürüdürlər. Bu gedişlə korrupsiyaya görə həbs olunan məmurlardan üzr də istəniləcək”.

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 70 kq qızılla tutulan diplomatımız bu səfirlikdə işləyir - Bakıya gətirildi
23 Noyabr 2024 Restoranlarda təklif olunan ucuz setlər təhlükəlidir? - “Belə istisnalar var”
23 Noyabr 2024 “Baku Elektroniks”dən “Black Friday”də televizor aldı... VƏ... BƏLAYA DÜŞDÜ!
22 Noyabr 2024 Cavid Qurbanov köməkçisini Penitensiar Xidmətdə yüksək vəzifəyə təyin etdirdi - BU DA BELƏ.
21 Noyabr 2024 Acun Ilıcalı barədə araşdırma başladıldı
21 Noyabr 2024 Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
20 Noyabr 2024 4 yaşlı uşağı yırtıcı parçalayıb - Ata-anası biçində olarkən...
20 Noyabr 2024 Qızını özlərindən çox gözəl olduğunu düşünən ata DNT TESTİ ETDİ
20 Noyabr 2024 Bakıda “Fermerlər üçün İqlim Maliyyəsinin işlək mexanizmi” mövzusunda panel müzakirələr keçirilib
20 Noyabr 2024 YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR
20 Noyabr 2024 Tramp türk həkimə yüksək vəzifə verdi
19 Noyabr 2024 COP29 çərçivəsində hansı sazişlər imzalanıb ?
19 Noyabr 2024 Dünyanın ən yaxşıları arasında Azərbaycanın hansı universitetləri var? – SİYAHI
19 Noyabr 2024 Azərbaycanlı tələbələrə böhtan: Rusiya universitetindən qovmaq istəyirlər? - VİDEO
19 Noyabr 2024 Üç yaşlı uşaq suda boğularaq ölüb
18 Noyabr 2024 Ən dadlı naringiləri necə seçmək olar?
18 Noyabr 2024 Rusiyada silsilə qətllər törədən erməni ələ keçdi
18 Noyabr 2024 Yeni inşa olunan yerüstü keçidi aşdı - Yol bağlandı - FOTO
18 Noyabr 2024 Məktəblərin sinifləri, zalı və ya həyəti icarəyə verilə bilərmi? - Valideynlər narazıdırlar
17 Noyabr 2024 Bu qurumun bütün üzvləri işdən çıxarıldı - ADLAR

Dünyapress TV

Xəbər lenti