Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (“Azərittifaq”) məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Mustafayev İmran Mustafa oğludur. O, “Azərittifaq”la yanaşı, Zaqatala Rayon İstehsal-İstehlak Kooperativini və Mustafayev Hacıömər İbrahim oğlu adlı vətəndaşı da məhkəməyə verib. İş hazırda apellyasiya mərhələsindədir. İmran Mustafayevin apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin hakimi Günay Cavadovanın sədrliyi ilə araşdırılacaq. İşin mahiyyətinə gəlincə, açıq mənbələrdə bu barədə hər hansı məlumat yoxdur. Əldə etdiyimiz məlumata görə, məhkəmə çəkişməsinin kökündə əmlak mübahisəsi dayanır. Bildirilir ki, iddiaçı 2003-cü ildə Zaqatala rayonunda fəaliyyət göstərən Kooperativlər Cəmiyyətindən onların balansında olan Zaqatala şəhəri, İ.Şamil küçəsində yerləşən 0.07465 ha torpaq sahəsində yerləşən 499 kv.m ümumi sahəsi olan mağazanı alıb. Lakin, həmin dövrdə razılığa əsasən, əmlaklar Hacıömər Mustafayevin adına alınıb. Razılaşmaya görə, sonradan əmlak tərəflər arasında bölünməliymiş. Lakin hansısa səbəbdən tərəflər razılığa gələ bilmir. Bu baxımdan da iş məhkəməyə düşüb. Bu məsələdə “Azəritifaq”ın xüsusi rol oynadığı iddia edilir. “Azərittifaq” 1920-ci ildə təsis olunub. Qurumun rəhbəri deputat Eldar Quliyevdir. O, 1993-cü ildən bu vəzifədədir.