Varşavada Polşanın Baş Polis İdarəsinin binasında partlayış baş verib. Nəticədə Polşa polisinin baş komandanı Yaroslav Şimçik xəstəxanaya yerləşdirilib.
"Bizmxeber" bildirir ki, bu barədə "ZET" Radiosu məlumat verib.
Radionun məlumatında qeyd olunur ki, Ukraynadan gələn “hədiyyə” partlayıb. Polşa Daxili İşlər Nazirliyi açıqlamasında partlayışın polis rəisinin ofisinə bitişik otaqda baş verdiyini bildirib.
"Komandirin 2022-ci il dekabrın 11-12-də Ukraynaya işgüzar səfəri zamanı Ukrayna polisi və Fövqəladə Hallar Xidmətinin rəhbərliyi ilə görüşdüyü zaman aldığı hədiyyələrdən biri partlayıb", - deyə Daxili İşlər Nazirliyi izah edib.
Partlayış nəticəsində polis rəisi yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib və bir neçə saat xəstəxanada həkim nəzarəti altında qalıb. Polis şöbəsinin mülki əməkdaşı da yaralanıb.
“Polşa tərəfi Ukrayna tərəfindən müvafiq izahat tələb edib. Bu işlə prokurorluq və müvafiq xidmətlər məşğul olur”, - Polşa Daxili İşlər Nazirliyi izah edib.
Do Rzeczy nəşri iddia edir ki, idarəetmə otaqlarından birində - ehtimal ki, təhlükəsizlik otağında baş verən partlayış nəticəsində tavan uçub, bundan sonra hadisə yerinə partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub.