Federal Təhlükəsizlik Xidmətinin tələm-tələsik ortaya atdığı versiyanın hər kəlməsində uyğunsuzluq var
Yenixeber.org: Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Krım körpüsündəki partlayışın təşkilatçısı kimi Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanovun adını çəkib.
Partlayışın hazırlanmasında daha 12 nəfər iştirak etdiyi iddia olunur. Onlardan 8-i hazırda saxlanılıb, 5-i Rusiya vətəndaşıdır. FTX-dan bildirilib ki, saxlanılanlar arasında Ukrayna və Ermənistan vətəndaşları da var.
FTX-nın məlumatına görə, “partlayıcı qurğu” (bir neçə tonluq “qurğu”?!) hələ avqustun əvvəlində Odessa limanından Bolqarıstanın Ruse şəhərinə göndərilib. Daşınmanı Kiyevdə yerləşən “Translogistic UA” MMC ilə Baltex Capital S.A. arasında bağlanmış müqavilə əsasında Ukrayna, Gürcüstan və Ermənistan vətəndaşları həyata keçiriblər.
Bolqarıstandan yük Gürcüstanın Poti limanına, oradan isə Ermənistana daşınıb və orada Avrasiya İqtisadi Birliyinin qaydalarına uyğun olaraq gömrükdən keçirilib. Elə oradaca sənədlərin saxtalaşdırılması vaş verib. Bundan sonra Ermənistan şirkəti göndərən, Moskvadakı şirkət isə alıcıya çevrilib.
FTX-nın versiyasına görə, partlayıcı maddə Gürcüstanda qeydiyyatda olan yük maşını vasitəsilə Yuxarı Lars keçid məntəqəsindən keçməklə Rusiyaya çatdırılıb. Sonra sənədlər yenidən saxtalaşdırılıb, göndərən tərəf kimi Ulyanovskdakı firma, alıcı kimi isə Krımda mövcud olmayan şirkəti qeyd edilib.
Oktyabrın 7-də partlayıcı maddə plyonka adı altında 22 altlıqda gizlədilərək Krasnodardan olan azərbaycanlı sürücü Mahir Yusubovun idarə etdiyi yük maşınına yüklənib və o, Simferopola yollanıb. Oktyabrın 8-də səhər saat 6:03-də Krım körpüsündən keçərkən (“cəhənnəm maşını” körpüyə daxil olmamışdan əvvəl növbəti dəfə yoxlamadan keçib və külli miqdarda partlayıcı olmasına baxmayaraq, heç kim heç nə hiss etməyib – red.) avtomobil partlayıb.
FTX-nın versiyasında görə, bütün marşrut boyu yükün hərəkətinə Ukrayna Baş Kəşfiyyat İdarəsinin əməkdaşı nəzarət edib. Bunun üçün o, iki nömrədən istifadə edib – anonim virtual və Ukrayna vətəndaşının adına qeydiyyatdan keçən nömrələr.
Təəccüblü dərəcədə mürəkkəb və qeyri-real sayılacaq həssas bir sxem. Bu sxem ümumiyyətlə necə işləyə bilərdi? İçində 9 ton partlayıcı olan yük maşını 4 sərhəddən keçir, bir neçə dəfə gömrükdə yoxlanılır, xüsusi şəkildə mühafizə olunan körpünün girişində təhlükəsizlik nəzarətindən keçir… Cəmi bir diqqətli gömrük işçisi və ya sərhədçi kifayət edirdi ki, bütün əməliyyat bir anda məhv olsun!
Dahi Stanislavski burada “İnanmıram!” deyərdi. Amma biz, necə deyərlər, davam edək.
Krım körpüsündə partlayan yük maşını heç vaxt Bolqarıstanda olmayıb. Bəs ümumiyyətlə, harada olub?
Mahir Yusubovun yük maşınının Bolqarıstana səfər etməməsi faktını baş nazir Qılıb Donev açıqlayıb. Yoxlamaq çətin deyil – biz kompüter dövründə yaşayırıq. FTX-nın tonlarla partlayıcı yükü olan maşınının hansısa izaholunmaz və gülünc marşrutla bir sıra ölkələrdən keçdiyi barədə versiyası üzə çıxandan dərhal sonra yoxlamaq qərarına gəliblər.
FTX-ya ünvanlanan suallar çoxdur. Məsələn, yük maşını Rumıniyadan keçmədən Odessadan Bolqarıstan Rusesinə necə gedib? Hava ilə? Əgər yerlə gedibsə, onda əvvəlcə Dnestryanı bölgə, Moldova və demək olar ki, bütün Rumıniyadan keçməsi lazım idi. Davam edək. Yük maşını Rusedən hansı möcüzə nəticəsində Gürcüstana düşüb? Niyə o, gömrük rəsmiləşdirilməsi üçün əvvəlcə Gürcüstandan Ermənistana gedib, sonra Gürcüstana (!) qayıdıb və Yuxarı Lars vasitəsilə Rusiyaya daxil olub? Jül Vernin fantastik qəhrəmanı Filias Foq üslubunda “qət edilən” bu sarsaq marşrut nəyə lazım idi?! FTX-nın versiyasının hər kəlməsində uyğunsuzluq var! Hələ onu demirik ki, “əməliyyatın” bütün bu təfərrüatlarının ildırım sürəti ilə ortaya çıxması gülüncdür! Axı sürücünün tikəsi də ələ gəlməyib!
FTX nə qədər yeni təəccüblü və ağlasığmaz detallar verirsə, bütün mənzərə bir o qədər az inandırıcı görünür. Bu, artıq Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilinin partlaması versiyasına bənzəyir. Orada terror aktının icraçısı kimi cazibədar qadını elan etdilər və bu qadın “işə” dəbdə olan balaca maşında qızı və pişiyinin müşayiəti ilə getmişdi…(“Sut Sobıtiy”)
pia.az