Səhiyyə naziri Teymur Musayevin əmri ilə oktyabrın 11-də türkiyəli mütəxəssis, Adnan Menderes Universiteti Tibb fakültəsinin təcili tibbi yardım kafedrasının dosenti Mücahit Avcil professor Surxay Hadıyevin yerinə Tədris Cərrahiyyə Klinikasına direktor təyin olunub.
TEREF.AZ yeniavaz.com-a itinadla xəbər verir ki, jurnalist İlhamə Qasımlının araşdırması zamanı Mücahit Avcilin Türkiyədə işində baş verdiyi nöqsanlara və etdiyi hərəkətlərə görə kəskin tənqidlərə məruz qaldığı və istefa verməli olduğu ortaya çıxıb.
Jurnalist bildirib ki, araşdırmaya səbəb professorun yerinə dosentin təyin edilməsi olub:
“Əslində, axtarışımın səbəbi bir dosentin professorun yerinə gətirilməsinə səbəb olan elmi nailiyyətlər və teşkilati bacarığı ilə bağlı məlumatları oxumaq idi.
Gözləntimin tam tərsi, qarşıma adamın bu ilin martında Uşak Dövlət Xəstəxanasının baş həkimliyindən qalmaqallı şəkildə istefa verməsi ilə bağlı yazılar oxudum.
Mücahit Hoca 2020-ci ildə bu xəstəxanaya baş həkim təyin olunandan sonra "Uşakda vətəndaşların xəstəxana ilə bağlı şikayətlərinin artdığı, xüsusən də bəzi poliklinikalarda həkim olmadığı, hətta ultrasəs müayinələrinə randevunun 5 ay sonraya verildiyindən" bəhs edilir.
Çoxsaylı şikayətlərdən sonra o, vəzifəsindən istefa verməyə məcbur olub.
Xəstəxananın fəaliyyəti ilə bağlı şikayətlərlə yanaşı, baş həkim, həm də AK Partiyadan (hakim Ədalət və İnkişaf Partiyası) olan millət vəkilinin qarşısında təzim etməsi - baş əyməsi ilə də tənqid hədəfinə gəlmişdi. Hərçənd doktor Avcil bu hərəkətini pandemiya şərtləri üzündən əl tutuşa bilməməsi ilə bağlamağa çalışsa da, bir millət vəkili qarşısında təzim etməyin yolverilməz olduğunu düşünən insanlar onu kəskin tənqid atəşinə tutmuşdular.
Bu arada, oxuduğum xəbərlərdə Mücahit Avcilin baş həkim kimi idarəcilik prinsiplərinə etiraz edən həkimlərin xəstəxanadan ayrıldığından da bəhs edilirdi.
Ölkəsində ciddi tənqidlərin hədəfi olan bir şəxsin Azərbaycanda önəmli bir xəstəxananın inkişafına hansı töhfə verəcəyi maraq doğurur”.