Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) etiraz dolu press-reliz yayıb. Komitənin Azərbaycan ofisi onlara qarşı təbliğat aparıldığını və fəaliyyətləri ilə bağlı yanlış iddialar irəli sürüldüyünü bildirib.
Təşkilatın fevralın 17-də yaydığı press-relizdə deyilir:
“Son zamanlar BQXK ilə bağlı bir sıra yanlış iddiaların səsləndirildiyini müşahidə edirik. Belə iddialar bizim fəaliyyət göstərdiyimiz ərazilərdə gördüyümüz işə zərər vura, ən əsası, minlərlə insanı həm Azərbaycanda, həm də regionda göstərdiyimiz xidmətlərdən məhrum edə bilər”.
“Artıq 160 ildir ki, BQXK silahlı münaqişələrin təsirlərindən əziyyət çəkən insanları qorumaq və onlara yardım etmək üçün əlindən gələni əsirgəmir. Biz hər zaman əldə rəhbər tutduğumuz əsas prinsiplərimizə sadiq qalmışıq: neytrallıq, bu o deməkdir ki, biz siyasətə qarışmırıq və tərəf tutmuruq və qərəzsizlik, yəni biz münaqişənin təsirinə məruz qalmış insanlara yaşadıqları–– yerdən, təmsil etdikləri icmadan və ya inanclarından asılı olmayaraq yardım edirik.
Neytrallıq və qərəzsizlik prinsipləri heç də həmişə düzgün başa düşülmür, lakin bizim humanitar fəaliyyətimiz üçün zəruri olaraq qalır”.
“Biz 1992-ci ildən bəri Azərbaycanda və regionda fəaliyyət göstəririk. Təkcə 90-cı illərdə biz öz mandatımıza uyğun olaraq, 360 saxlanılan şəxsin Azərbaycana və ya Azərbaycandan ailələrinə qayıtmasında vasitəçilik etmişik. Biz ailələrindən ayrı düşmüş saxlanılan şəxslərin və mülki şəxslərin 30 000 Qızıl Xaç Məktubunu çatdırmaqla yaxınlarından məlumat almasına kömək etmişik. Həmin dövrlərdə biz Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Bərdə və Naxçıvan dadaxil olmaqla, Qızıl Xaç və Qızıl Aypara Hərəkatından olan tərəfdaşlarımızla birlikdə 260 000-dən çox məcburi köçkünə və münaqişənin mənfi təsirlərinə məruz qalmış əhaliyə qida, ədyal, paltar və gündəlik zəruri ləvazimatlar paylamışıq.
90-cı illərdən etibarən, biz minlərlə ailənin müraciəti əsasında, itkin düşmüş şəxslər haqqında məlumatların toplanılaraq qorunmasına çalışmışıq. Bu məlumatlar vaxtlı-vaxtında Azərbaycanın hakimiyyət orqanlarına ötürülüb, çünki Cenevrə Konvensiyalarına əsasən, itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi dövlətin məsuliyyətidir. Bizim edə biləcəyimiz isə texniki bilik və bacarıqları artırmaqla bu səyləri dəstəkləmək və əzizlərini itirmiş ailələrə bu itki və qeyri-müəyyənliyin öhdəsindən gələ bilməkdə kömək etməkdir. Keçmişdən bu günədək biz məhz bunu etmişik, Azərbaycanda da itkin düşmüş şəxslərin axtarışında səlahiyyətli qurumlara dəstək vermişik”, deyə press-relizdə bildirilir.
“Keçən ilin dekabr ayından etibarən Laçın yolunda neytral humanitar vasitəçi olaraq əməliyyatlar həyata keçiririk. Bu dövr ərzində biz tibbi müdaxiləyə ehtiyacı olan 99 xəstəni təxliyə etmişik, 259 nəfəri ailələrinə qovuşdurmuşuq və xəstəxanalara dərman vasitələri, ərzaq və uşaq qidaları çatdırmışıq. Belə əməliyyatlar hər zaman aidiyyəti qurumların hər biri ilə razılaşdırılaraq həyata keçirilir. Biz bütün logistik məsələləri onlarla müzakirə edir, nəqliyyat vasitələrimizdə kimi və nəyi daşıdığımız barədə onlara məlumat verir, əməliyyatın həyata keçrilməsini onlarla razılaşdırırıq. BQXK bu neytral mövqeyə əməl etməsə və ona sadiq qalmasaydı bu əməliyyatları həyata keçirmək mümkün olmazdı. Tərəflərlə apardığımız bu açıq və şəffaf dialoq ehtiyacı olan insanların köməyinə yetişməyimizə imkan verir.
Hərbi əsrlər və saxlanılan şəxslərlə bağlı biz nə edə bilərik və nə edə bilmərik
BQXK-nın Cenevrə Konvensiyalarını imzalayan dövlətlər tərəfindən ona həvalə edilən çox spesifik mandatı və iş standartları var. Bu xüsusi mandat bizə beynəlxalq humanitar hüquq (BHH) ilə bağlı məsələlərin monitorinqini həyata keçirmək, bu hüququ təşviq etmək və onunla bağlı dövlətlərə tövsiyələr vermək imkanı yaradır. Bununla belə, bir şeyi unutmamaq lazımdır ki, bu hüququn müddəalarına, o cümlədən əsirlərlə və məhbuslarla bağlı müddəalara əməl etmək və onlara hörmət etmək dövlətlərin məsuliyyətidir.
BQXK-nın hərbi əsrlərə və saxlanılan şəxslərə baş çəkmək, onların qeydiyyatını aparmaq, saxlanılma şəraitini və onlarla rəftarı kənar şəxslərin iştirakı olmadan onlarla müzakirə etmək, ailə üzvləri ilə əlaqə üçün şərait yaratmaq, eləcə də aşkar etdiyi xüsuslar və müşahidələrini hakimiyyət orqanlarına çatdırmaq hüququ var. Bununla belə, əsirlərin həyatını, şərəf və ləyaqətini qorumaq, rifahını təmin etmək və azadlığa buraxılmaları ilə bağlı qərar qəbul etmək onları nəzarətdə saxlayan orqanların məsuliyyətidir”, deyə sənəddə vurğulanır.
“Bəzən bizdən nə üçün müşahidələrimizi ictimailəşdirmədiyimiz və günahkarları cəzalandırmadığımız soruşulur. İctimai bəyanatlar verməməyimiz biganəliyimizin göstəricisi deyil. Əksinə, hər dəfə BHH qaydalarından hər hansı birinin pozulduğunu müşahidə etdikdə biz bunu ikitərəfli və konfidensial qaydada bilavasitə aidiyyəti tərəfin qarşısında israrla qaldırırıq. Konfidensiallıq davranışı dəyişmək və BHH pozuntularını aradan qaldırmaq şansını artırır. Bizim səylərimiz hər zaman göz qabağında olmaya bilər və yaxşılığa doğru irəliləyiş vaxt ala bilər. Bəzən görülən işin nəticəsi müvəffəqiyyətli olmur, lakin BQXK humanitar təşkilat olaraq dövlətləri öz hüquqi öhdəliklərini yerinə yetirməyə məcbur edə bilməz. Biz siyasi deyil, humanitar təşkilatıq. BHH qaydalarının pozulmasının qarşısını almaq və belə pozuntuya görə cəzalandırmaq ilk növbədə dövlətlərin məsuliyyətidir. BQXK məhkəmə araşdırmalarında iştirak edə və ya fəaliyyətimiz zamanı şahid olduğumuz və ya aşkar etdiyimiz hər hansı məlumatı açıqlaya bilməz.
Son olaraq, gündəmdə olan yanlış iddialar, dezinformasiya və siyasi diskussiyaları nəzərə alaraq, bir daha humanitar yardımın siyasiləşdirilməməsinin vacibliyini vurğulamaq istərdik. Həmçinin, Azərbaycanda və digər yerlərdə münaqişə təsirinə məruz qalmış insanların rifahı naminə bütün tərəfləri bu neytral humanitar mühiti qorumaq üçün hər cür səy göstərməyə çağırırıq”, deyə sənədin sonunda qeyd edilir.