“2014-cü ildən başlayaraq Qərb Ukraynanı Rusiya ilə müharibəyə hazırlayırdı”
“Qərb Rusiyanın dağılmasını arzulayırdı və hələ də bunu arzulayır”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Patruşev Çelyabinskdə keçirilən görüşdə çıxış edərək bildirib ki, uzun illər Qərb dövlətlərinin rəhbərləri Rusiya ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək üçün şifahi vədlər verib və ya müxtəlif sənədlər imzalayıblar: “Lakin bəzi Qərb liderlərinin son bəyanatlarından göründüyü kimi, biz qəsdən aldadıldıq, onlar yalnız öz eqoist məqsədlərini güddülər. Əldə edilmiş razılaşmaları yerinə yetirmək niyyətində deyildilər. Onlar indi də Rusiyanın dağılmasını xəyal edirlər”.
Patruşev qeyd edib ki, söhbət NATO-nun Şərqə yayılmaması ilə bağlı təminatlara baxmayaraq, Rusiya sərhədlərinə hərbi infrastrukturun gətirilməsindən, Minsk razılaşmalarının imzalanmasından, onların yerinə yetirilməməsindən gedir.
“2014-cü ildən başlayaraq Qərb Ukraynanı Rusiya ilə müharibəyə hazırlayırdı. Qərb Ukraynanı NATO-nun maraqlarına tamamilə tabe olan anti-Rusiya mövqeli hərbiləşdirilmiş dövlətə çevirdilər”, - deyə patruşev əlavə edib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Ukraynanı anti-Rusiya dayağına çevirməklə geri dönüşü olmayan prosesə cəlb edib.