Azərbaycanın ayaqda qalmaq strategiyası.
Yanlış olaraq məhz 21-ci əsri “rəngli inqilablar” və “hibrid müharibələr” əsri adlandırırlar, əslində bu məsələlərin kökü dərindir. Daha bir yanlışlıq odur ki, məhz Qərbi, əsas da ABŞ-ı bu məfhumların yaradıcısı kimi qəbul edirlər, əslində isə müxtəlif inqilablar, çevrilişlər və proksi-müharibələr 20-ci əsrin icadıdır (əvvəllər də olub, amma daha çox saray çevrilişləri və muzdlu döyüşçülər şəklində), 21-ci əsrdə sadəcə texloji inkişaf, əsas da İnternetin yayılması forma və zaman baxımından bu məsələdə yeniliklər gətirdi.
ABŞ, əslində 20-ci əsrin əvvələrinə qədər dünya siyasətində yox idi, özünə qapanmış, öz dünyasını quran bir ölkə kimi yaşayırdı. Birinci Dünya müharibəsindən sonra ABŞ güclənməyə başlasa da, amma hələ də iqtisadi və hərbi olaraq ciddi söz sahibi deyildi, hətta, məsələn 1930-cu illərin əvvəlində Argentina ÜDM-in həcminə görə ABŞ-dan daha üstün durumda idi. ABŞ-ın güclənməsi və dünya siyasətinin mərkəzinə çevrilməısi İkinci dünya müharibəsi dövrü və post-müharibə zamanı baş verdi.
20-ci əsrdə dünyada inqilabların və çevrilişlərin “ixracı” ilə məşğul olan ölkə məhz SSRİ idi – dünyada kommunist ideyasının yayaılması üçün ölkələrdə çevrilişlər edir, maddi dəstək göstərir, silahla təmin edirdi. İkinci Dünya müharibəsinə qədər bu addımlar daha çox Avropada (İspaniya, Finlandiya, İtaliya və s.) atılırdısa, müharibədən sonra SSRİ 50-dən çox Afrika, Asiya və Latın Amerikası ölkələrində çevrilişlərin, “rəngli inqilabların” təşkilatçısı, silah-sursatla “sol” siyasi qüvvələrin təmin edən ölkə idi. Bu haqda çox geniş yazmaq olardı, amma mətn yorucu olmasın deyə maraqlananlar çoxsaylı mənbəələrdən məlumat ala bilərlər.
SSRİ birbaşa açıq hərbi müdaxilə etdiyi ölkələrin siyahısı da uzundur: Macarıstan, Çexoslovakiya, Əfqanıstan ancaq daha çox bilinənlərdir, amma Suriya, Misir, Liviya, İran və s. ölkələr də var.
Bu gün Kreml təbliğatı özünə əl qatıb Qərbin Ukraynaya kömək etməsini “ifşa” etməklə məşğuldur, amma məhz Kreml proksi-müharibələrdə İsrailə, ABŞ-a, Fransaya, Britaniyaya və s. dövlətlərə qarşı müxtəlif Afrika, Asiya və Latın Amerikası ölkələrində öz əsgər-zabitləri, silahları və maddi dəstəyi ilə iştirak edib. Tək elə İsrailin Misir və digər Ərəb ölkələri ilə müharibələrində SSRİ ərəb ölkələrinə yüzlərlə tank, minlərlə top, milyonlarla atıcı silah və güllə verib. Yəni, bu gün Ukraynanın haqlı və hüquqi dirənişinə Qərbin göstərdiyi münasibəti SSRİ, Rus-Sovet İmperiyası 50-dən çox ölkədə edib, ona görə də ayıbına kor olsun, bunu bir ilk kimi təqdim etməyə çalışmasın.
SSRİ-nin aqressiv şəkildə “ideoloji” don altında dünya ekspansiyası Qərbi, o cümlədən ABŞ-ı eyni metodlarla davranmağa sövq etdi, ABŞ-ın texnoloji və iqtisadi, daha sonra isə konvensional hərbi üstünlüyü, hekayə qurmaq bacarığı SSRİ-i rəngli inqilablarda və proksi-müharibələrdə üstələməyi bacardı. SSRİ dağılandan sonra isə bu metodlarla ABŞ və Qərb dünyanı dizayn etməklə məşğul olmağa başladılar – onlarla ölkədə rəngli inqilablar, çevrilişlər təşkil etdilər, hibrid müharibələrlə öz maraqlarını yayamağa başladılar.
Bu mövzuda düşünmək üçün yazmağa qərar verməkdə əsas mesajım odur ki, çivisi çıxmış, dərəbəyliyə dönmüş dünyada hamılıqla çalışmalıyıq ki, Azərbaycan proksi-müharibələrin obyekti və subyekti olmasın – bu çox vacib və həyatı əhamiyyətli məsələdir. Üçüncü Dünya müharibəsi gedir, elan edilmədən, üzbəüz toqquşmalar olmadan Qərb ilə Rusiya-İran şər İttifaqı vuruşur, hələ bu müharibəyə müxtəlif formalarda Çin də qoşulur-qoşulacaq, diplomatiya ölüb, nüfuzlu şəxs-şəxslər/qurumlar ortalığa çıxıb hamını masa arxasında otuzdurmayana qədər bu müharibə davam edəcək – deməli bizim Dövlət olaraq məqsədimiz müstəqilliyimizi qorumaq və qurulacaq yeni dünya düzənində ayaqda qalmağa nail olmaqdır. Bunun üçün ağıllı-təbribli, emosiyasız, soyuqqanlı olmalı, qurduğumuz ittifaqlara arxayın olmaqla yanaşı, həmin ittifaqların bizi avantüralara sürükləməsinə də imkan verməməliyik...
Natiq Cəfərli
Teref.az