ABŞ-ın keçmiş prezidenti Donald Trampın dövründə bir müddət Milli Təhlükəsizlik müşaviri vəzifəsində çalışan Con Bolton Türkiyəni hədəf alan məqalə yazıb.
Teref.az xəbər verir ki, “The Telegraph” qəzetində yer alan “Qərbin zəifliyi Putinə qələbəni məğlubiyyət pəncəsindən qoparmağa imkan verə bilər” başlıqlı məqalədə Bolton Türkiyənin Rusiya ilə münasibətlərinə görə NATO üzvlüyünün şübhə altına atılmasını təklif edib.
Qərbin sanksiyalarının Rusiyanın Ukrayna müharibəsinə təsirlərini qiymətləndirən Bolton yazıb: "İqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına ziyan vurdu, lakin Ukraynanın iqtisadiyyatı daha pis vəziyyətdədir".
Əsl problemin Qərbin birlik və qətiyyəti olduğunu vurğulayan müşavir Rusiyanın müharibəni davam etdirəcəyi təqdirdə Qərb daxilində gərginliyin arta biləcəyini diqqət çəkib.
Finlandiya və İsveçin NATO-ya üzvlük üçün müraciət etdiyini xatırladan Bolton qeyd edib ki, Ərdoğan yenidən prezident seçilərsə, Türkiyənin NATO-ya üzvlüyü gündəmə gəlməlidir.
Qeyd edək ki, Con Bolton radikal ritorikasına görə 2019-cu ildə Tramp tərəfindən vəzifəsindən uzaqlaşdırılıb.