Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalından son terror hücumlarına qarşı effektli hava əməliyyatları həyata keçirib. Terroru öz mənbəyində bitirmək istəyən Ankara indi quru əməliyyatı üçün hazırlıqlarını davam etdirir.
Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Foreign Policy” qəzeti Türkiyə Silahlı Qüvvələrinin əməliyyat əzminə diqqət çəkib.
Nəşr bu durumun Co Bayden administrasiyası üçün diplomatik böhran olduğunu yazıb.
“Noyabrın 30-da ABŞ müdafiə naziri Lloyd Ostin Türkiyə qüvvələrinin Suriyaya genişmiqyaslı hücumunun qarşısını almaq üçün Ankaraya zəng edib”, - məqalədə bildirilir.
ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefrinin müdafiə naziri Hulusi Akarla şəxsən görüşmək üçün Ankarada olduğu da qeyd edilib.
Nəşr qeyd edib ki, ABŞ əvvəllər də oxşar danışıqlarla Türkiyənin hərbi əməliyyatlarının qarşısını ala bilməyib. Qəzet ABŞ-ın bu dəfə də Türkiyəni dayandıra biləcəyinə şübhəylə yanaşır.
ABŞ müdafiə nazirinin keçmiş müavini Mik Mulroy isə hesab edir ki, Türkiyənin özünü müdafiə etmək hüququ var.
Bununla belə, Mulroy PKK/PYD/YPG/SDQ terror təşkilatını “ABŞ-ın tərəfdaşı” adlandırıb:
“Partnyorumuza hücum edirsə, onların da əli olduğuna dair sübut təqdim etməlidir. Əgər bacarmasalar, ABŞ bu əməliyyatları dayandırmaqda israrlı olmalıdır”.
Digər tərəfdən, “Foreign Policy”nin mövzu ilə bağlı məqaləsində “işğal” sözünü işlədərək Türkiyəyə qarşı təsəvvür yaratmağa çalışdığı da nəzərdən qaçmayıb.