İrəvan üzdə Azərbaycanın daha bir tələbi ilə razılaşdı: - Arxada isə...
Ermənistan sülh müqaviləsi ilə bağlı Azərbaycanın daha bir təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Söhbət Avropa İttifaqı müşahidə missiyasının Ermənistan-Azərbaycan şərti sərhədindən çıxarılmasından gedir.

“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ermənistan Milli Məclisinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

Spikerin sözlərindən aydın olur ki, Ermənistan tərəfi qeyd edilən tələblin yerinə yetirlməsi ilə bağlı Azərbaycana kompromis variant təklif edib. Yəni rəsmi İrəvan avropalı müşahidəçilərin şərti sərhəddən qismən çıxarılmasının tərəfdarıdır.

Qeyd edək ki, Azərbaycan monitorinq missiyasının fəaliyyətini sülh prosesinə maneə hesab edir. Hətta rəsmi Bakı Ermənistan ərazisindən Azərbaycan ordusunun hərbi mövqelərinin kəşfiyyat məqsədilə izləndiyini bəyan edərək Avropa İttifaqına etirazını bildirib. Nikol Paşinyan hakimiyyəti isə müşahidəçilərin fəaliyyət müddəti məsələsinin Ermənistanın Avropa İttifaqı ilə münasibətlərinə aid olduğunu əsas gətirərək Azərbaycanın mövqeyi ilə barışmır. Lakin Alen Simonyanın açıqlaması bu məsələdə Ermənistanın Azərbaycanla konsensusa gələ biləcəyinə işarədir. Xatırladaq ki, hazırda Ermənistan-Azərbaycan şərti sərhədində 209 missiya üzvü fəaliyyət göstərir. Onların operativ qərargahı Keşişkənd rayonunda yerləşir.

Qrupun tərkibinə 8 fransız jandarmı və 15 nəfər alman polisi daxildir. Avropa İttifaqı müşahidəçilərinin fəaliyyət müddəti 2025-ci il fevralın 19-da başa çatacaq. Ermənistan bu müddəti uzatmaqda maraqlı görünür.

Yanvarın 14-də ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan sərhədlərin təhlükəsizliyinin təminatı adı altında missiyanın tərkibini amerikalıların hesabına genişləndirmək istəyir. Bu da şərti sərhədin Qərb və Rusiya arasında geosiyasi qarşıdurma meydanına çevrilməsi deməkdir.

Azərbaycanla Ermənistan arasında sülh sazişinin olmadığını nəzərə alsaq, Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sərhədlərini Avropa İttifaqı və ABŞ hərbçiləri hesabına gücləndirilmək planı eskalasiyaya gətirib çıxara bilər. Bu baxımdan, Alen Simonyanın Azərbaycanın tələbi ilə müəyyən qədər razılaşması ümidverici görünür.

Parlament sədrinin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanın tələbini nəzərə alaraq, monitorinq missiyasının şərti sərhəddən çıxarılmasına razıdır.

Lakin rəsmi İrəvan müşahidəçilərin Ermənistan ərazisində qalmasını təklif edir. Simonyan bildirib ki, missiya ofis rejiminə keçməlidir. Alen Simonyan bu barədə müzakirələrin təfərrüatlarını açıqlamaq istəməyib. O qeyd edib ki, məlumatlar sülh danışıqlarına mane ola bilər. “İstisna etmirəm ki, sərhədin demarkasiyası artıq həyata keçirilən ərazilərdə, məsələn, Kirants (Günən) bölgəsində müşahidə missiyasına ehtiyac aradan qalxa bilər. Hazırda dəqiq cavab verə bilmərəm”,-deyə spiker bildirib.

Missiyanın gələcək fəaliyyəti ilə bağlı Azərbaycanla aparılan danışıqların detalları konfidensial saxlanılsa da, Ermənistanın təklifinin mahiyyəti aydındır. Paşinyan hakimiyyəti müşahidəçilərin Ermənistanın içərilərinə çəkilməsini və vaxtaşırı şərti sərhəddə gedərək monitorinq aparımasını təklif edir. Bu missiyanın şərti sərhədin delimitasiya və demarkasiya edilmiş hissəsinə deyil, yalnız razılaşdırılmamış yerlərinə baxış keçirməsi vacib hesab edilir.

Qeyd edək ki, Avropa İttifaqının müşahidə missiyası məqsədlərinin Ermənistanın sərhədyanı ərazilərində sabitliyin yaradılmasına yardım göstərmək, yerlərdə inamı möhkəmlətmək, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmaq üçün Aİ-nin dəstəklədiyi səylərə töhfə vermək olduğu bildirilir. Halbuki, Avropa İttifaqının müşahidəçiləri sərhədyanı ərazilərdə ekalasiyanın qarşısını almaq üçün hər hansı xüsusi səlahiyyətə malik deyillər. Missiya Ermənistan ərazisində yerləşdiyinə görə yalnız münaqişədən çəkinmək barədə tövsiyələrini İrəvana çatdıra bilər.

Ermənistan ordusu Azərbaycanla şərti sərhədə müasir hücum silahları cəmləşdirməsinə və yeni hərbi istehkam qurğuları inşa etməsinə baxmayaraq, Avropa İttifaqı bununla bağlı indiyə qədər rəsmi İrəvana hər hansı müraciət və ya xəbərdarlıq etməyib. Həmin silahların Ermənistana satılmasına missiyada nümayəndələri təmsil olunan Fransa rəhbərlik edir. Deməli, müşahidəçilər öz funksiyalarını yerinə yetirmirlər.

Ermənistandan olan bəzi siyasi ekspertlər də bu missiyanın ölkənin təhlükəsizliyini nəinki təmin etmədiyini, əksinə Rusiya və İranla münasibətlərə ziyan vurduğunu bildirir. Müşahidəçilərin məqsədinin Azərbaycan və Ermənistan arasındakı münasibətləri normallaşdırmaq olduğu barədə iddiaları gəlincə, bunların hər hansı siyasi və hüquqi əsası yoxdur. Çünki Avropa İttifaqının müşahidə missiyası sülh yaratmaq mandatına malik deyil. Vaxtilə sülh danışıqlarında vasitəçilik etmək mandatı yalnız ATƏT-in Minsk Qrupuna verilmişdi.

Hazırda münaqişə başa çatdığına görə Minsk Qrupuna ehtiyac yoxdur və bu format dağılıb. Ona görə də Azərbaycan və Ermənistan Minsk Qrupunun ləğvi üçün ATƏT-ə müraciət etməyə hazırlaşır. Minsk Qrupunun və ya digər üçüncü tərəfin sülh prosesinə müdaxiləsi müzakirələrə mənfi təsir göstərə bilər. Bu kontekstdə Azərbaycan və Ermənistan birbaşa sülh danışıqlarına üstünlük verir. Avropa İttifaqının missiyanı Ermənistan-Azərbaycanla sərhədində yerləşdirmək qərarı da sülh prosesinə ziddir.

Çünki Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi başa çatmayıb. Yəni hansısa bir ərazini əsassız şəkildə “Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri” adlandırmaq düzgün deyil. Ermənistan-Azərbaycan xəttinin coğrafi koordinatları yalnız delimitasiya və demarkasiya prosesi başa çatdıqdan sonra müəyyənləşə bilər.

Bu baxımdan, Alen Simonyanın açıqladığı təklif Ermənistanın avropalı müşahidəçiləri ölkədən çıxarmaq istəmədiyini göstərir. Yəni Ermənistan bu məsələdə özünü kompromisə gedən tərəf kimi təqdim etməklə siyasi manipulyasiya edir. Ermənistanın avropalı müşahidəçiləri şərti sərhəddən çıxarmağa razılıq verməsi görüntü xarakteri daşıyır. Məqsəd isə Sovet dövründə mövcud olmuş inzibati sərhədlərin Qərb tərəfindən Ermənistan-Azərbaycan dövlət sərhədi kimi tanınmasına nail olmaqdır. Eyni zamanda, Paşinyan hökuməti bu yolla fəaliyyət müddəti başa çatan müşahidə qrupunu Ermənistanda saxlamağa çalışır.
 

Bölmənin digər xəbərləri

23 Yanvar 2025 Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib
23 Yanvar 2025 Yanğına görə iki məmur saxlanıldı
23 Yanvar 2025 Türkiyədə yanğında ölənlərin sayı 79-a çatdı
22 Yanvar 2025 Co Bayden və administrasiyası: Mütəşəkkil cinayətkarlıq...
22 Yanvar 2025 Suriya hökuməti ölkənin ikinci limanını Rusiyanın əlindən aldı
22 Yanvar 2025 Ukrayna Zelenskiyə ömürlük həbs cəzası tələb edir
22 Yanvar 2025 Tramp ABŞ-da ölüm hökmünə qoyulan qadağanı ləğv etdi
21 Yanvar 2025 Dünya liderləri Trampı təbrik etdilər
21 Yanvar 2025 Kubada matəm elan olunub
21 Yanvar 2025 Trampın andiçmə mərasiminə Zukerberq və xanımı da qatıldı - VİDEO
21 Yanvar 2025 AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
21 Yanvar 2025 Donald Trampın andiçmə mərasimi başlayıb - CANLI
21 Yanvar 2025 Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
20 Yanvar 2025 Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
20 Yanvar 2025 Meksika ilə ABŞ arasında metro kimi tunel – Miqrantlar və yüklər buradan daşınırmış
20 Yanvar 2025 Amerika prezidentlərinin ənənəsi FOTO
20 Yanvar 2025 Fitso və Orban qaz kəmərlərinin mühafizəsini müzakirə edəcəklər
20 Yanvar 2025 Çinlilər Rusiyanın ən çox hansı ərzaqlarını bəyənirlər?
20 Yanvar 2025 Rusiya-Gürcüstan sərhədində mindən çox yük maşını dayanıb
20 Yanvar 2025 Siyasətdə "rus ruleti" və ya Moskva səhnəsində "Heç nədən hay-küy"...

Dünyapress TV

Xəbər lenti