COP-29 ərəfəsində Azərbaycana qarşı müxtəlif beynəlxalq qurumlar tərəfindən böhtan xarakterli təzyiqlər artmaqdadır.
Elə bu günlərdə 11 sentyabr hadisələrinin ildönümündə Avropa İttifaqı (Aİ) Avropa Şurası Nazirlər Komitəsinin iclasında İQAK-ın 3 iyul tarixli ictimai bəyanatına əsaslanaraq Azərbaycana qarşı tənqidi mövqe sərgiləyib. Bəyan olunub ki, Aİ guya Azərbaycanda "artan" həbslərdən narahatdır. Hətta, onlar Azərbaycana çağırış edərək "siyasi məhbusların" "işgəncə"dən qorunmasını, təhlükəsiz şəraitin təminatını istəyiblər. İddia edilib ki, guya Azərbaycanda insan haqları tapdalanır.
Avropada anti-Azərbaycan təbliğatı aparan əsas şəxslərdən biri Almaniya Bundestaqının Sosial-Demokrat Partiyasından olan üzvü Frank Şvabedir. O, Azərbaycanı bütün dünyanın diqqət mərkəzində saxlayacaq COP-29 sammiti çərçivəsində xüsusi canfəşanlıq göstərir. Adı korrupsiya qalmaqallarında hallanan Şvabenin erməni lobbisi tərəfindən maliyyələşdiyi çoxdan məlumdur. O, bütünlükdə siyasi karyerasını anti-Azərbaycan, anti-türk və anti-İslam tezislər üzərində qurub. Şvabe öz ölkəsində və Ermənistanda baş verənlərə göz yumsa da, Azərbaycanda baş verən prosesləri "diqqətlə" izləyir.
Politoloq Zeynal Əmrəliyev deyir ki, Azərbaycana qarşı bu cür anti-Azərbaycan siyasətinin yürüdülməsində məqsəd ölkəmizdə keçiriləcək möhtəşəm COP-29 tədbirinə kölgə salmaqdır:
"Azərbaycan torpaqları işğal altında olduğu zaman ölkəmizə qarşı haqsız ittihamlar səsləndirən Qərb rəsmiləri bu ritorikanı torpaqlarımız azad edildikdən sonra daha da şiddətləndirdilər. Hər zaman ölkəmizə qarşı öz qərəzli mövqeyi ilə seçilən Avropa parlamentinin alman əsilli deputat Frank Şvabe növbəti "hücumu" na start verib. Şvabe bu dəfə də Azərbaycanda "siyasi məhbus" probleminin olduğunu dilə gətirib. Uzun illərdir ki, avropalı siyasətçilər "insan haqları" , "demokratiya", "siyasi məhbus" kimi ifadələrdən istifadə edərək özlərinə boyun əyməyən digər ölkələri vurmağa çalışırlar. Azərbaycanda Qərbdən maliyyə dəstəyi alıb təxribatçı fəaliyyətlə məşğul olan xeyli şəxs və onların bağlı olduqları şəbəkələr ifşa edilib. Bundan sonra belə hücumlar əslində gözlənilən idi. Lakin bunu edənlərdə bilməlidirlər ki, Azərbaycan rəhbərliyi yalnız öz iradəsi, ölkənin milli maraqları çərçivəsində hərəkət edir. Rəsmi Bakı ilə təzyiq dilində danışmağın qeyri - mümkün olduğu Şvabeni bizə qarşı yönəldənlər yaxşı bilirlər. Onların məqsədi COP-29 tədbirinə kölgə salmaqdır".
Politoloq xatırladıb ki, bundan əvvəl də "Avroviziya", Avropa Oyunları, İslam Oyunları, "Formula - 1" yarışları öncəsi Azərbaycana qarşı bu cür böhtanlar atılsa da heç bir nəticəyə nail ola bilməyiblər:
"Azərbaycanda olmayan "siyasi məhbuslar"ı axtaran Şvabe və onun ağaları Ermənistanda baş verən hadisələrə susurlar. Ölkəmizə qarşı amansız böhtanlar yağdıran bu saxtakar 2019-cu ildə Ermənistanda həbsxanada acılıq aksiyası keçirən müxalif jurnalist Mher Yegiazaryanın vəfat etməsini, 15 iyul 2022 - ci ildə müxalif siyasətçi Armen Qriqoryanın elə məhkəmə zalındaca müəmmalı şəkildə ölməsini, siyasi vəhşiliyi görməzdən gəlir. Aydın məsələdir ki, onun və digər əqidaşlarının Ermənistanı tənqid etməyə heç bir cəsarəti yoxdur. Çünki onları danışdıran elə erməni diasporundan gələn pullardır. Sifariş isə çox sadədir - yalnız Azərbaycana qarşı böhtan kampaniyası aparmaq".
Zeynal Əmrəliyev onu da xatırladıb ki, Şvabe bir müddət əvvəl Almaniyanın ictimai kanalı "ARD"-də Azərbaycan əlehinə bəddi filmin hazırlanmasında yaxından iştirak edib:
"Bu onun erməni ağalarına pul qoparmaq üçün təqdim edəcəyi yeni lahiyəsi idi.
44 günlük müharibədən əvvəl Azərbaycan torpaqları işğal altında qalarkən bir dəfə də olsun azərbaycanlı qaçqınların taleyi ilə bağlı danışmayan Şvabe müharibədən sonra Qarabağı tərk edən ermənilərlərlə bağlı ardıcıl bəyanatlar səsləndirirdi. Alman siyasətçi iddia edirdi ki, Azərbaycan Qarabağı ələ keçirdikdən sonra bütün xristian abidələrini məhv edəcək. Lakin demokratik dəyərlərdən danışan bu şəxs bir dəfə də olsun ermənilər tərəfindən dağıdılan, təhqir edilən müsəlman məscidləri haqqında bir cümlədə danışmadı".