Cənubi Qafqazda nəhənglərin geopolitik savaşının təzahürləri Ermənistanın cəmiyyətində ortaya çıxmaqda davam edir. Dünya nəhənglərinin regional qarşıdurması hazırda Ermənistanın gələcək taleyini müəyyən edəcək mərhələyə keçməyə başlayıb. Hər halda, ABŞ və Qərb Paşinyan hakimiyyətinin mövqelərinin möhkəmlənməsində maraqlıdır. Və Ermənistanda dövlət çevrilişi hələlik yalnız Rusiyanın geopolitik maraqlarına cavab verir.
Ancaq Rusiya kəşfiyyatının nəzarəti altında olan erməni radikallar Paşinyan hakimiyyətini dəyişdirmək hədəfinə yaxınlaşmaqda çətinlik çəkirlər. Xüsusilə də, "kilsə qoyamı"nın son vaxtlar tədricən zəifləməkdə olduğu da müşahidə edilir. Və bu baxımdan, Paşinyan hakimiyyəti tədricən özünü daha rahat hiss etmək şansı qazanıb.
Digər tərəfdən, Paşinyan hakimiyyəti son vaxtlar ABŞ və Qərbin də siyasi dəstəyini öz arxasına almağa nail olub. Halbuki, Qərb siyasi dairələri Ermənistanda "erməni üçlüyü"nün dövlət çevrilişi cəhdlərinə mümkün qədər təmkinli yanaşmağa üstünlük verirdilər. Son vaxtlar CİA və ABŞ Dövlət Departamentinin yüksək rütbəli təmsilçilərinin İrəvana ardıcıl səfərləri Qərbin Paşinyan hakimiyyətinə siyasi dəstəyi kimi qəbul olunur.
Təbii ki, rəsmi İrəvan situasiyanın öz xeyrinə dəyişməsindən maksimum səviyyədə yararlanmaq niyyətindədir. Paşinyan hakimiyyətinin son vaxtlar öz siyasi rəqiblərinin üzərinə yeriməsi də bunu təsdiqləyir. Hər halda, baş nazir Nikol Paşinyan "erməni üçlüyü"nü sıradan çıxartmaq istiqamətində qətiyyətli addımlar atmağa başlayıb. Və Paşinyan hakimiyyətinin bu məsələdə xüsusi plan əsasında hərəkət etdiyi də nəzərə çarpır.
Məsələ ondadır ki, rəsmi İrəvan ilk növbədə erməni kilsəsinin Ermənistan cəmiyyətinə təsir mexanizmlərinı sıradan çıxartmaq niyyətindədir. Hakim partiya erməni kilsəsinin vergiyə cəlb olunması məqsədilə xüsusi qanunların qəbul edilməsinə hazırlaşır. Yəni, Paşinyan hakimiyyəti erməni kilsəsinin maliyyə qaynaqlarını nəzarətə almağa hazırlaşır. Və bunu edəcəyi təqdirdə, erməni kilsəsi tamamilə küncə sıxışdırılmış dini quruma çevrilmiş olacaq.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti terror mərkəzi olan erməni kilsəsini öz maraqları üçün ən ciddi təhlükə hesab edir. Çünki "kilsə qiyamı"na paralel olaraq, baş nazir Nikol Paşinyanın terror təhdidlərinin hədəfinə çevrilməsi rəsmi İrəvanı qətiyyətli davranmaq məcburiyyətində buraxıb. Və hətta erməni kilsəsinin "qələm"inin qırılmaq üzrə olduğu da qətiyyən şübhə doğurmur.
Paşinyan hakimiyyətinin hədəfində ikinci sırada erməni diasporu yer alır. Baş nazir Nikol Paşinyan son vaxtlar erməni diasporunun əleyhinə kəskin ittihamlar səsləndirməyə başlayıb. O, hesab edir ki, erməni diasporu Ermənistana beynəlxalq məkanda dəstək olan mexanizm rolunu oynamalıdır. Və erməni diasporunun Ermənistanın siyasi idarəçilik prosesinə kobud müdaxilə etməsi yolverilməzdir, çünki bu, dövlətçiliyə sarsıdıcı zərbə vurur.
Göründüyü kimi, Paşinyan hakimiyyəti erməni diasporunu da Ermənistandan müəyyən məsafədə saxlanmasına cəhd göstərir. Əgər, buna nail olarsa, daxili siyasi rəqiblərin tamamilə sıradan çıxarılması elə bir ciddi problem yaratmaz. Çünki təxribat mərkəzi olan kilsə və diasporun bloklanmasından sonra daxili radikal siyasi rəqiblər demək olar ki, təklənmiş vəziyyətə düşmüş olacaq. Və onların öhdəsindən gəlmək isə o qədər də ciddi problem yaratmayacaq.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti "erməni üçlüyü"nün tərkibində yer alan Qarabağ klanının sıradan çıxarılması prosesinə artıq start verib. Hazırda Qarabağ klanının liderləri olan keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın yaxın ətrafı küncə sıxışdırılır. Onların biznes fəaliyyəti məhdudlaşdırılır, maliyyə qaynaqları nəzarət altına alınır. Və bu siyasi-iqtisadi klanın Rusiya ilə birbaşa bağlantıları olan təmsilçiləri müxtəlif bəhanələrlə həbs olunur.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ermənistanda Rusiyanın "beşinci kalon"unu tamamilə sıradan çıxartmaq niyyətindədir. Buna nail olmaq üçün isə rəsmi İrəvan Qarabağ klanının əsas sosial bazasını darmadağın etməyə çalışır. Xüsusilə də, Azərbaycanı könüllü tərk edərək, Ermənistana mühacirət edənlərin nəzarət altına alınmasına başlanılıb. Və bu addımın atılmasında bir neçə önəmli faktor önəmli rol oynayır.
Birincisi, Azərbaycandan Ermənistana keçən erməni separatçı-terrorçular Paşinyan hakimiyyətinə qarşı potensial təhlükə mənbəyi hesab olunur. Çünki bu təbəqənin əhəmiyyətli bir hissəsi vaxtilə hərbi təlim keçiblər, terror-diversiya üzrə "ixtisaslaşıblar". Üstəlik, Ermənistanın müxtəlif bölgələrində yerləşmiş erməni separatçı-terrorçuların əlində çoxlu sayda silah-sursat cəmləşdiyi də bildirilir. Və bu, kifayət qədər ciddi daxili təhlükə deməkdir.
Məsələ ondadır ki, Rusiya kəşfiyyatının nəzarətində olan erməni separatçı-terrorçular Ermənistanı hər an daxili savaşa sövq edə biləcək imkanlara malikdirlər. Ona görə də, rəsmi İrəvan bu terrorçu qruplaşmanı sıradan çıxartmaqla, Rusiyanın və Qarabağ klanının Ermənistanda siyasi-ictimai manevr imkanlarını məhdudlaşdırmağa can atır.
Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan Azərbaycandan Ermənistana könüllü mühacirət edən ermənilərin əhəmiyyətli bir hissəsinin ölkəni tərk etməsinə nail olub. Bu məqsədlə onlara dolayısı ilə inzibati təzyiqlər göstərilib. İndi isə erməni separatçı-terrorçuların rəhbərləri və daha radikal təmsilçiləri birbaşa hədəfə alınıb. Və rəsmi İrəvan Ermənistan daxilində "dövlət"in yolverilməz olduğunu bəyan etməklə, hərəkət edir.
Belə anlaşılır ki, rəsmi İrəvan Azərbaycan daxilində 30 il hərbi cinayətlər törətmiş erməni separatçı-terrorçulara vaxtilə "status" tələb etsə də, indi onların Ermənistanda təşkilatlanmasına imkan vermək niyyətində deyil. Ona görə də, bu təbəqənin təmsilçiləri Paşinyan hakimiyyəti tərəfindən hər hansı rəsmi statusda qəbul olunmur. Onların rəhbərliyi açıq-aşkar təzyiqlərə məruz qoyulur.
Ermənistan xüsusi təyinatlılarının İrəvandakı "dağlıq Qarabağ nümayəndəliyi"nə basqın etməsi bu baxımdan, rəsmi İrəvanın əsas siyasi hədəfini təxmin etməyə əsas verir. Eyni zamanda, erməni separatçı-terrorçuların sonuncu rəhbəri Samvel Şahramanyanın avtomobilinin zorla aparılması da rəsmi İrəvanın bu cinayətkar qruplaşmaya tolerant yanaşmayacağını göstərir. Və belə anlaşılır ki, Azərbaycan ərazisində 30 il terrorçuluqla məşğul olmuş ermənilərə Ermənistan cəmisi heç bir il belə, səbr göstərmədi.(Yeni Müsavat)