İspaniya, Norveç və İrlandiya mayın 28-də Fələstini dövlət kimi tanıyacaqlarını dünyaya bəyan ediblər. Fələstin liderləri tərəfindən müsbət qarşılanan bəyanat Fələstin Azadlıq Təşkilatı tərəfindən "tarixi an" olaraq qiymətləndirilib. Fələstini dövlət kimi tanımağa qərar verən ölkələr bu addımın İsraillə fələstinlilər arasında sülh danışıqlarının inkişafına kömək edəcəyinə inanır.
Dünyanın əksəriyyəti Fələstin dövlətini tanıdığı halda, Fələstin Muxtariyyəti bir daha Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasını onun BMT-yə tamhüquqlu üzvlük tələbinə baxmağa çağırıb. Fələstin Administrasiyasının məlumatına görə, BMT-yə üzv olan 193 ölkədən 137-si Fələstin dövlətini tanıyıb. Lakin bu ölkələr sırasında Avstraliya, Yaponiya, Cənubi Koreya, Şimali Amerika və əksər Qərbi Avropa ölkələri daxil deyil.
Bəs Fələstinin dövlət kimi tanınması hazırda gedən müharibəyə necə təsir edə bilər?
TEREF xəbər verir ki, məsələni News24.az-a şərh edən siyasi ekspert, yaxın şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu bildirib ki, ümumiyyətlə, problemə baxışda müəyyən bir dəyişikjliyin baş verməsinin şahidi oluruq:
"Əslində burada Qərb ölkələrinin rolu olduqca böyükdür. İndiyə qədər Fələstinin müstəqil dövlət kimi tanınması prosesində, təssüf ki, Avropa ölkələrinin mövqeyini demək olar ki, müşahidə etmirdik. Qərb sadəcə olaraq orta statistik bəyanatlar səsləndirərək öz mövqeyini ifadə etmiş hesab edirdi. Amma tamamilə haklıdır ki, bir neçə dövlətin belə bir açıqlama ilə çıxış etməsi və ardıca da bunu əməli olaraq göstərib Fələstini dövlət kimi tanıması - bütün bunların hamısı problemə baxışda müəyyən dəyişikliklərin olduğundan xəbər verir".
Politoloq qeyd edib ki, növbəti mərhələdə də Avroa ölkələrinin bəzilərindən belə bir addım gözləmək olar. Onun sözlərinə görə, yaxın gələcəkdə də bu problemə diqqət artacaq: "Dəfələrlə qeyd etmişik ki, Fələstin-İsrail münaqişəsi yaxın şərqin ən köklü, ən tarixi və ən ağrılı problemidir. Bu problemin həlli istər-istəməz yaxın şərqdə yan problemlərin, münaqişələrin də həllinə kifayət qədər ciddi təsir edəcək.
"Bu həqiqəti artıq anlamağa başlayıblar. Nəhayət ki, beynəlxlaq hüququn da diktə etdiyi kimi ikili dövlət prinsipi ilə bu münaqişənin həllinə dəstək verən Avropa ölkələrinin də sayı getdikcə artır",- deyə Vüqar Zifəroğlu əlavə edib.