“Hansı şərtlər altında Qarabağ ermənilərinin qaytarılmasını təklif edirsiniz?.. Yoxsa Azərbaycanın tərkibində muxtariyyət olmalıdır? Yaxud Dağlıq-Qarabağın müstəqilliyi?”,- bu sualları Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə müxalif deputatın suallarını cavablandırarkən soruşub.
Keçmiş Prezident Robert Koçaryanın partiyasından olan Artsvik Minasyan nazirdən soruşub: “Qarabağ ermənilərinin hansı formada geri qaytarılmasını düşünürsünüzʔ”
Ararat Mirzoyan ona cavabında deyib ki, “Siz nə təklif edirsiniz? Əgər bunu, müstəqil Dağlıq Qarabağ və ya 2019-cu ildəki status-kvo əsasında etmək niyyətindəsinizsə, o zaman, misal üçün, azı daha 4 min nəfərin həyatı bahasına bunu etməyə hazırsınızmı? Müharibəmi təklif edirsiniz?”.
Ermənistan parlamentində 2023-cü ilin hesabatı tədbirində müxtəlif deputatlar xarici işlər nazirinə suallar veriblər.
2020-ci ilin sentyabr-noyabr ayları arasındakı 44 günlük İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan Qarabağın əksər hissələrinə və ətrafındakı ərazilərə nəzarətini bərpa etdi, daha sonra 2023-cü ilin sentyabrında bir sutka çəkən hərbi əməliyyat ilə Qarabağdakı separatçıları tamamiylə sıradan çıxardı.
Sentyabrıdakı hərbi əməliyyatların nəticəsində Qarabağdakı erməni əhali Ermənistana sığındı. Bir neçə aydır ki, Azərbaycanla Ermənistan birbaşa danışıqlar aparır.
Ermənistan Qazaxın dörd kəndini Azərbaycana qaytarmağa razılaşdıqdan sonra ölkədə buna etirazlar başlayıb. Daha sonra etirazçılar Ermənistan Baş nazir Nikol Paşinyanın istefasını istəyiblər.
Onlar hökuməti sərhədlərin müəyyənləşməsi zamanı Azərbaycana birtərəfli güzəştə getməkdə ittiham edirlər.
Ermənistan hökuməti bildirib ki, kəndlərin qaytarılması "Ermənistanın ərazi bütovlüyünün düzəldilməsi üçündür".
Etirazlara Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri, “Tavuş vətən naminə” etiraz hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan başçılıq edir. Ötən həftə Baş nazir postuna Baqrat Qalstanyanın namizədliyi irəli sürülüb.
Hər iki hərbi əməliyyatllarda məğlub olan Ermənistanda hakimiyyət əlehinə etirazlar bu günlərdə də davam edir, bəzi müxalif partiyalar Ermənistan hakimiyyətini günahlandırır, Azərbaycana qarşı cavab tədbirləri görməməkdə ittiham edir.