Gürcüstanda “xarici agentlər haqqında” qəbul edilmiş qalmaqallı qanun layihəsinindən sonra başda Tiflis olmaqla, bir sıra böyük şəhərlərdə kütləvi aksiyalar davam edir. Mitinqlərdə etirazçılar hökumətdən mübahisəli qanun layihəsinin ləğv edilməsini tələb edirlər. Bir çox siyasi analitiklər kütləvi aksiyaların fonunda Gürcüstanda ilin sonuna qədər hakimiyyət dəyişikliyinin ola biləcəyini proqnozlaşdırır. Bəs görəsən, qonşu ölkədə aksiyaların yekun nəticəsi necə olacaq? Ortaya atılan proqnozlar özünü doğruldacaqmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirib ki, mitinqlərin hansısa ciddi nəticəsi olmayacaq:
“Gürcüstandakı mitinqlər uzun müddətdir davam etsə də, ciddi nəticələr doğuracağına inanmıram. Hazırda hakimiyyət orduya və digər güc strukturlarına tam nəzarət edir. Avropa İttifaqı və digər donor təşkilatlar Gürcüstandakı vətəndaş cəmiyyətlərinə böyük miqdarda pullar ayırır. Bu gürcü xalqı üçün olduqca geniş qazanc və mənfəət gətirir. Amma “Gürcü Arzusu” partiyası Gürcüstanın demokratikləşməsini istəmir. Hazırki hakimiyyət xalqı idarəçilikdən uzaq tutmaq niyyətindədir. Buna görə də vətəndaş cəmiyyətlərinin maliyyə mənbələrini kəsmək istəyirlər. Görünür ki, onlar buna nail olacaq. Çünki gürcü müxalifəti pərakəndə vəziyyətdədir və parçalanıb”.
Politoloq qeyd edib ki, hazırki iqtidar “Gürcü Arzusu” partiyası oktyabrda keçiriləcək parlament seçkilərində də qələbə qazanacaq:
“Hazırda müxalifət ortaya vahid proqram qoya bilmir. Gürcüstanda bəziləri ümid edir ki, oktyabrın 27-də keçiriləcək parlament seçkilərində “Gürcü Arzusu” məğlub olacaq. Amma bu yanlış düşüncədir. Gürcü xalqı hələ də demokratiya və qərb təfəkküründən uzaqdır. Əksinə, düşünürəm ki, “Gürcü Arzusu” partiyası öz hakimiyyətini saxlayacaq və möhkəmləndirəcək. Bu Gürcüstan üçün acı və təəssüf doğuran mənzərədir”.