Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
"Biz cəza tədbirlərindən danışmırıq. Amerikalılar kimi sanksiyalar tətbiq etmək demirik. Onlar fərqli mövqedədirlər. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda bunu edirlər. Yəni xarici agentlər haqqında qanun qəbul edirlər. Onlar hər ikisini edə biləcəklərini düşünürlər", - diplomat qeyd edib.
Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət mayın 27-də Aİ Şurasının gündəliyində olacaq: "Biz gözləyirik ki, bazar ertəsi Gürcüstanla nə edəcəyimizlə bağlı nazirlərin müxtəlif fikirlərini dinləyəcəyik. Çünki biz artıq açıq şəkildə demişik ki, bu qanun Aİ üzvlüyünə və Aİ-nin əsas dəyərlərinə ziddir".