“Avropa İttifaqının 3 ölkəsinin Fələstin dövlətini tanıması praktik olaraq heç nə vəd etmir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Aİ-nin 3 ölkəsi – Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətini tanımasını şərh edərkən deyib.
“Hələlik nə aparıcı Avropa dövlətləri, nə də ABŞ Fələstini müstəqil dövlət olaraq tanımır. Hamıya bəllidir ki, Fələstin xalqının dövlət qurmaq hüququ var. Bu hüquq onlara BMT qərarı ilə verilib. Amma bir sıra aparıcı dövlətlər İsrail dövlətini tanısalar da, Fələstin dövlətinin yaranmasını istəmirlər”, deyə politoloq bildirib.
Həmsöhbətimiz qeyd edib ki, 3 Aİ ölkəsinin Fələstini müstəqil dövlət olaraq tanıması praktik baxımdan Fələstinə heç nə verməsə də, fələstinlilər addım-addım istədikləri məqsədə doğru getdiklərini anlayırlar:
“Yəhudi xalqı içərisində Fələstini dövlət kimi tanımaq istəyənlər olsa da, onlar azlıq təşkil edir. Əksəriyyəti millətçi düşüncəsindədir. Fələstin dövlətini tanıyan aparıcı ölkələrin sayı artsa, xüsusən də Avropanın aparıcı ölkələri və ABŞ onu tanısa, dünya ictimaiyyəti də kəskin şəkildə İsraildən Fələstin dövlətinin tanınmasını tələb edə bilər”.
Siyasi şərhçi Rufiz Hafizoğlu isə bildirib ki, Fələstin dövlətinin tanınması üçün ilk növbədə münbit mühit olmalıdır:
“Nə Avropa İttifaqı, nə İspaniya, nə də digər ölkələrin heç biri Fələstin dövlətini yaxın vədədə qəbul etməyəcək. Fələstin dövlətinin qəbul edilməsi üçün ilk növbədə vahid Fələstin hökumətinin yaradılması vacibdir. Amma bu gün Fələstin daxilində ciddi problemlər var. Fələstin dövləti dedikdə İordan çayının qərb sahili, yoxsa onunla yanaşı, Qəzza ərazisi nəzərdə tutulur? Digər tərəfdən, onun 1967-ci il sərhədləri, yoxsa hazırki sərhədlər daxilində olması nəzərdə tutulur? Tanınma üçün münbit mühit yoxdur. Təəssüf ki, Fələstin daxilindəki qarşıdurma buna imkan vermir. Vahid Milli Fələstin hökuməti yaradılmalıdır. Beynəlxalq Məhkəmə HƏMAS liderlərinin həbsini tələb edib”.
Bu baxımdan, həmsöhbətimiz hesab edir ki, bəzi Aİ ölkələrinin verdiyi bəyanatların heç bir ciddi əsası olmayacaq:
“Avropa onları qəbul etsə də belə, bu sadəcə formal xarakter daşıyacaq. İlk növbədə fələstinlilər öz aralarında olan ədavəti həll etməlidir”.
Qeyd edək ki, son zamanlar Avropa İttifaqının bir sıra dövlətləri Fələstini müstəqil dövlət olaraq tanımağa başlayıblar. Bu sırada ilk addımı İrlandiya, İspaniya və Norveç atıb. İrlandiyanın baş naziri Saymon Harris ölkəsinin Fələstini dövlət kimi tanıyacağını bildirib. İspaniya hökuməti isə mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacaq. Bu barədə ölkənin baş naziri Pedro Sançes çərşənbə günü Deputatlar Konqresində çıxışı zamanı bildirib. Ümumiyyətlə, bu günə qədər Azərbaycan da daxil Fələstini 140 dövlət tanıyıb. Amma onların içərisində ABŞ və Avropanın aparıcı dövlətləri hələ ki, yoxdur.