“Bu gün döyüş meydanında yeniliyə, mümkün olan ən sürətli icraya daha açıq olan qalib gəlir. Ona görə də indiki mərhələdə prezident Müdafiə Nazirliyinə mülki şəxsin rəhbərlik etməsinə qərar verib”. “Report” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müdafiə naziri postuna mülki şəxsin namizədliyinin irəli sürülməsinə münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Andrey Belousov sadəcə mülki məmur deyil, Rusiya İqtisadi İnkişaf Nazirliyinə çox uğurla rəhbərlik etmiş, uzun müddət prezidentin iqtisadi məsələlər üzrə köməkçisi olmuş, eyni zamanda hökumət sədrinin birinci müavini olmuş şəxsdir.
Kreml nümayəndəsi vurğulayıb ki, Müdafiə Nazirliyi yeniliklərə, bütün qabaqcıl ideyaların tətbiqinə, iqtisadi rəqabətə şərait yaratmaq üçün tamamilə açıq olmalıdır: “Prezident buna görə də Andrey Belousovun namizədliyinin üzərində dayanıb”.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin müdafiə naziri postuna Andrey Belousovun namizədliyini irəli sürüb.