Gürcüstanın baş naziri İrakli Kobaxidze brifinq zamanı sinxron tərcüməçini Almaniya kansleri Olaf Şoltsun Gürcüstanın xarici agentlər haqqında qanun layihəsi barədə danışarkən sözlərini qəsdən təhrif etməkdə ittiham edib.
Qeyd edək ki, Kobaxidze və Şolts ikitərəfli görüşdən sonra Berlində birgə mətbuat konfransı keçiriblər. Şolts Gürcüstan hakimiyyətinin təşəbbüsü ilə irəli sürülmüş “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi haqqında danışarkən, alman dilindən gürcü dilinə tərcümə edən Zaal Andronikaşvili Almaniyanın agentlər haqqında qanuna tənqidi yanaşdığı barədə ifadə işlədib. Kobaxidzenin sözlərinə görə, Şolts əslində “agent” sözünü işlətməyib.
Tərcümə səhvi Gürcüstanda qalmaqala səbəb olub. Baş nazir tərcüməçinin əməllərinə görə cavab verəcəyinə ümid etdiyini bildirib. O qeyd edib ki, tərcüməçi radikal müxalifət partiyalarından birinin nümayəndəsidir.