“Qərbin Ermənistana verəcəyi dəstək onu Rusiyanın əlindən almaq üçün “pərdə” rolunu oynayacaq”.
Bu fikirləri ABŞ və aparıcı Qərb dövlətlərinin Cənubi Qafqaz regionunda fəallıqlarını artırmaq cəhdinin İrana qarşı mümkün müharibə hazırlığı ilə bağlılıq ehtimalını şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.
MDHP sədrinin sözlərinə görə, ABŞ-ın Ermənistana yönəlik addımlarının əsas məqsədi Paşinyan hakimiyyətini qorumaqdır:
“Regionumuzda böyük kataklizmlər olmayacaq. Hətta ABŞ-iran münasibətlərinə diqqət etsək, görərik ki, İran ABŞ hərbi bazalarını vurandan sonra Vaşinqton qisas əməliyyatı adı altında Suriyada İrana bağlı proksi qüvvələrin mövqelərinə zərbə endirsə də, İran ərazisinə toxunmadı.
Məsələni də belə qoydular ki, qisasımızı bu yolla aldıq. Bundan əvvəl də Qasim Süleymani öldürüləndə, İran ABŞ-ın hərbi bazalarına zərbə endirdi, ancaq heç bir Amerika əsgəri ölmədi. İran rəsmiləri də aiditoriyaya dedilər ki, qisasımızı aldıq. Yəni bu cür oyunlar oynayırlar.
Pakistan-İran məsələsinə baxaq. Əvvəl İran Pakistanı – oradakı terrorçu təşkilat hesab etdikləri bəlucları vurdu. Pakistan da öz növbəsində İranı – o da terrorçu təşkilat saydığı bəluclara zərbə endirdi. Hamı gözləyirdi ki, bunun arrdınca böyük skanqarşıdurma olacaq. Ancaq o dövlətlər bu olaylardan sonra müqavilə imzaladı.
ABŞ-ın bizim regionda öz vətəndaşlarına xəbərdarlıq etməsi də ictimai rəyə hesablanmış addımdır. Əslində, Qərbin Ermənistana dəstəyi göz qabağındadır. Çalşırlar ki, Ermənistanı silahlandırsınlar, oraya müəyyən qüvvələr yeritsinlər. Bu istiqamətdə müəyyən işlər görüblər. ABŞ-ın Ermənistan səfirliyində 2 mindən çox əməkdaş çalışırdı.
Bundan əlavə, Avropa İttifaqının, o cümlədən, Fransanın müşahidə missiyası Ermənistandadır. Hesab edirəm ki, bunların hamısı Paşinyan hakimiyyətini qorumaq üçün atılan addımlardır. Yəni əgər daxildə revanşist qüvvələr ayağa qalxarsa, Paşinyanın ətrafında müdafiə səddi çəkilər. Bir sözlər, Paşinyan daxildə ehtimal olunan çevrilişin qarşısını almaq üçün tədbirlər görür.
ABŞ və Qərbin digər dövlətləri Ermənistana hər hansı hərbi missiya göndərəndə, bunu guya “Azərbaycan tərəfindən təhlükənin olması” ilə əlaqələndirirlər. Daha deyə bilmirlər ki, bununla Rusiyanın hərəkətlərinə qarşı proflaktik tədbir görürük. Eyni zamanda, həmin missiyalar tərəfindən Ermənistanın sərhədlərində post-patrul xidməti təşkil olunur.
Qərb deyir ki, sərhədləri erməni hərbçiləri qorusun, ruslar yox. Bu da Zəngəzura Rusiyanın nəzarət etməsinin qarşısını almaq üçün edilir. Məqsədləri Ermənistanın sərhəd qoşunlarını yenidən formalaşdırmaq, Paşinyanın ətrafında müdafiə səddi qurmaq və Ermənistan ordusunu yeniləməkdir. Ermənistanı təpədən-dırnağa silahlandırsalar da Azərbaycana nə edə bilərlər? Heç nə!
Ermənistan da Rusiyadan asılı olan silah-sursat təchizatından qurtulmaq istəyir. Hətta Paşinyan bəyanat verdi ki, bundan sonra Rusiya ilə müdəfiə və təhlükəsizlik sahəsində əvvəlki kimi əməkdaşlıq edilməyəcək. Hesab edirəm ki, ABŞ-ın verdiyi o məlum bəyanat sadəcə, blefdir. Qərbin Ermənistana verəcəyi dəstək onu Rusiyanın əlindən almaq üçün “pərdə” rolunu oynayacaq. Bu məsələnin Azərbaycana heç bir aidiyyatı yoxdur. Regionumizda ABŞ-İran savaşı, ya da başqa müharibə olmayacaq”.