Sosial şəbəkələrdə azərbaycanlı azyaşlıların İranın dini lideri Əli Xamenei üçün 86 yaşı münasibətilə səsləndirdikləri təbrik videosu ciddi etirazla qarşılanıb. Belə ki, 19 apreldə 86 yaşını qeyd edən Xameneinin şərəfinə hazırlanmış və Azərbaycan bayrağı ilə bəzədilmiş tortu kəsən azyaşlılar videoda bunları deyiblər: “Ağa can, 96, 100 yaşını qeyd edəsən, Allah sənə uzun ömür, cansağlığı versin, Allah düşmənlərimizi zəlil etsin, ağa can”. Onlar Allahın adı ilə tortu kəsib, “Ləbbeyk, ya Xamenei” şüarını səsləndiriblər. Sosial şəbəkədə sözügedən görüntülərlə bağlı aidiyyəti orqanlara ciddi çağırışlar edilib.
Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin üzvü Ceyhun Məmmədov Pravda.az-a açıqlamasında deyib ki, bu məsələyə sıradan hadisə kimi yanaşmaq olmaz.
“Prosesi təhlil edəndə bir daha bu qənaətə gəlirik ki, Azərbaycanda dini sahədə xarici təsirlər hələ də aktualdır. Bir sıra dövlətlər Azərbaycanda öz məqsədlərinə çatmaq üçün müəyyən layihələrə başlayıblar, həmin layihələr bu gün də davam edir. Söhbət Azərbaycan gənclərinin fərqli dini ideologiyalara yönəldilmələrindən gedir. Bu gün Azərbaycan üçün ən önəmli, ciddi məsələlərdən biri din məsələsidir. Zərərli dini təbliğat, təriqətçilik, məzhəbçilik Azərbaycan üçün çox ciddi təhlükələr və təhdidlər yaradır. Bu proseslərin qarşısı indidən alınmasa, qabaqlayıcı tədbirlər həyata keçirməsək, gələcəkdə çox ciddi problemlərlə üz-üzə qalacağıq. İdeologiyanın qarşısını ideologiya ilə almaq mümkündür. Yəni burada söhbət hətta uşaqlara yönəlmiş güclü təbliğatdan, fəaliyyətdən gedir. Azərbaycan dövləti güclü olduğu üçün dini qüvvələr o qədər də açıq şəkildə fəaliyyət göstərmirlər, amma alt qatda çox ciddi proseslər gedir. Biz bunu məscidlərdə də, sosial şəbəkələrdə paylaşılan videolarda da görürük. Söhbət kimin hansı inanca mənsub olmasından getmir. Azərbaycanda tarixən şiəlik də, sünnilik də olub. Bu gün də var və olacaqlar. Lakin sırf bir məzhəbin hansısa dövlətlə əlaqələndirilməsi, dəvətə bağlı olduğunun təlqin edilməsi qəbuledilməzdir. Paylaşılan video mövcud olan çoxlu sayda faktlardan biridir ki, üzə çıxıb. Ola bilər, məqsədli şəkildə paylaşılıb. Bu, ciddi SOS siqnalıdır və bizi narahat etməli məsələdir. Biz nəsə deyəndə bunu yalnız dinlə əlaqələndirməyə çalışırlar, amma belə deyil. Bu həm də siyasi məsələdir. Düşünürəm, din siyasətimizə yenidən baxmalıyıq. Dini sahədə sistemli, ardıcıl tədbirləri davam etdirməli, özümüzü kənar təsirlərdən qorumalıyıq. Hansısa dinə etiqad edib-etməmək hər bir insanın haqqıdır. Ölkəmizdə dini etiqad azadlığı var. Burada söhbət sırf kənar dövlətlərin Azərbaycanın dini mühitinə müdaxiləsindən gedir. Məsələni daim diqqətdə saxlamalıyıq. Güclü ideoloji iş apara bilməsək, gələcəkdə bizi çox çətin günlər gözləyir. Bu gün cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın din sahəsinə böyük diqqəti var. Qarabağda məscidlər tikilir. Azərbaycanda dinə olan diqqət və qayğı dünyanın çox az ölkəsində var. Kənar təsirlərə imkan verməməliyik", - deputat bildirib.