Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını (KTMT) tərk etmək istəyir.
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan yerli mətbuata açıqlamasında bildirib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) artıq heç bir gözləntisi yoxdur.
İstər Armen Qriqonyanın, istərsə də Ermənistanın digər dövlət rəsmlərinin açıqlamalarından görünür ki, Ermənistan tədricən KTMT-ni tərk etmək niyyətindədir.
Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Nikol Paşinyanın və onun komandasının KTMT ilə bağlı çıxışları birbaşa Qərbdən gələn təlimatdır:
“Nikol Paşinyanın hakimiyyətə gəlmə yollarını çox yaxşı bilirik. Nikol Paşinyan jurnalist kimi fəaliyyət göstərdiyi dövrlərdə öz yazılarında Ermənistanın təhlükəsizliyinin Rusiyaya etibar edilməsinin yalnış olduğunu bildirib və buna son qoyulması ilə bağlı çağırışlar edib. Eyni zamanda, Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə öz seçki təbliğatında Ermənistanın yeganə yolunun Qərbə inteqrasiya olması barədə fikirlər səsləndirib.
Şübhəsiz ki, Paşinyanın seçki kampaniyasına Soros Fondu və müxtəlif Qərb dairələri tərəfindən maliyyə dəstəyi göstərilirib. Nəticə etibarı ilə hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası Qərb qarşısında götürdüyü öhdəlikləri icra etməyə məcburdur. İkinci Qarabağ müharibəsindən sonra ABŞ və digər Qərb dairələri Paşinyandan öhdəliklərini yerinə yetirməyi tələb edirlər”.
O bildirib ki, Paşinyan da bu istiqamətdə müəyyən addımlar atıb:
“Amma Nikol Paşinyan Ermənistanın Rusiyadan iqtisadi asıllığını nəzərə alaraq, ölkəsinin Moskva ilə bütün əlaqələrini korlamaq niyyətində deyil. Bəli, Paşinyan hakimiyyəti davamlı şəkildə KTMT-nin tədbirlərini boykot edir. Nə Paşinyanın özü, nə ölkənin XİN rəhbəri, nə də müdafiə naziri KTMT-nin son tədbirlərində iştirak ediblər.
Lakin keçən ilin dekabrın sonunda Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının son iclasında, o cümlədən MDB-nin dövlət başçılarının qeyri-rəsmi görüşünə qatılıb. Bildiyimiz kimi, Ermənistan iqtisadi və enerji cəhətdən Rusiyadan çox asılıdır. Bununla yanaşı, Avrasiya İqtisadi İttifaqı Ermənistana iqtisadi dividentlər qazandırır. Bütün bunları nəzərə alarkən, Ermənistanın tez bir zamanda Rusiyanın boyunduruğu altından çıxması imkansız görünür. Ona görə də Paşinyan həm Qərb qarşısında yaxşı olmaq, həm də Rusiya ilə münasibətləri korlamamaq üçün ikili siyasi oyun oynayır”.