Ölkə tarixinin ən dəhşətli terror aktında iştirak edən terrorçu Anders Breyvik Norveçi hüquqlarını pozduğu iddiası ilə ikinci dəfə məhkəməyə verməyə çalışacaq.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" yazır.
Breyvik iddia edir ki, onun 2012-ci ildən təkadamlıq kamerada saxlanması Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq qeyri-insani rəftara bərabərdir.
Agentliyin qeyd etdiyi kimi, Breyvik mətbəxi, yeməkxanası və televizor otağı olan ikimərtəbəli kompleksdə saxlanılır. İdman zalından da istifadə edə bilər.
Buna baxmayaraq, terrorçunun vəkili deyir ki, hazırda Fjotolf Hansen adı ilə tanınan müvəkkilinin xarici aləmdə hər hansı bir şəxslə münasibət qurması mümkün deyil.
Vəkilin sözlərinə görə, müvəkkilinin məktub göndərməsinə mane olmaq onun hüquqlarının pozulmasıdır.
Oxşar iddia 2016-cı ildə işə baxılarkən qəbul edilib, lakin sonradan yuxarı instansiya məhkəməsində ləğv olunub. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən rədd edilib.
Breyvik 2022-ci ildə şərti azadlığa buraxılmasını istəyib, lakin məhkəmə onun tələbini rədd edib.
Xatırladaq ki, 2011-ci il iyulun 22-də Breyvik Oslonun mərkəzində hökumət binası yaxınlığında güclü partlayıcı qurğunu işə salmış, nəticədə 8 nəfər ölmüş, bir neçə yüz nəfər yaralanmışdı. Elə həmin gün o, Utoya adasında olan Sosial Demokratik Əmək Partiyasının gənclər qanadının toplantısının iştirakçılarına atəş açaraq, əksəriyyəti yeniyetmələr olmaqla 69 nəfəri öldürmüş, 66 nəfəri yaralamışdı. İndi terrorçu 21 illik həbs cəzasını çəkir.