Azərbaycan və İran nəqliyyat əlaqələrinin vəziyyətini müzakirə edib
Dekabrın 23-də Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrləri, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş arasında telefon danışığı olub.

İranın Azərbaycandakı səfirliyinin məlumatına görə, telefon danışığı zamanı iki ölkə arasında iqtisadi sahədə, o cümlədən nəqliyyat və enerji sahələrində əlaqələrin son vəziyyəti müzakirə edilib, fikir mübadiləsi aparılıb.

“Tərəflər həmçinin Astarada yeni tranzit marşrutu və birgə bəndlər də daxil olmaqla, birgə layihələrin yekunlaşdırılmasının sürətləndirilməsini vurğulayıblar”, məlumatda qeyd edilir.

Şahin Mustafayev iki ölkə arasında tranzit daşımalarından danışarkən deyib ki, 2023-cü ildə iki ölkə arasında yükdaşımalar 40 faiz, beynəlxalq tranzit 57 faiz, dəmir yolu daşımaları isə 47 faiz artıb.

“Bu dövrdə iki ölkə ərazisindən dəmir yolu ilə ilk dəfə olaraq, əsasən Rusiyaya 700 min tondan çox yük daşınıb. Tərəflər, həmçinin iki ölkənin iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədrlərinin iştirakı ilə yaxın vaxtlarda Astara sərhədində iki ölkə arasında yeni tranzit keçidinin açılması barədə razılığa gəliblər”, İran səfirliyi Şahin Mustafayevə istinadən bildirib.

Şimal-Cənub nəqliyyat dəhlizi ilə yükdaşımaların artırılması region dövlətlərinin diqqət mərkəzindədir. Belə ki, Rusiya-Ukrayna müharibəsi həm region ölkələrinin, həm də beynəlxalq sanksiyalar altında olan Rusiya və İranın ticarət əlaqələrinə ciddi təsir edib.

Bu səbəbdən İran və Rusiya Xəzər dənizi sahili boyunca uzanan dəmir yoluna Hindistan, İran, Rusiya, Azərbaycan və digər ölkələr arasında dəmir yolları və dəniz yolları vasitəsilə əlaqəni asanlaşdıracaq 162 kilometrlik Rəşt-Astara dəmir yol xəttinin çəkilişini Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm komponenti kimi qəbul edir.

Bu il mayın 17-də Rusiya və İran Şimal-Cənub dəhlizinin quru dəmir yolu marşrutunun tamamlanması üçün tələb olunan sonuncu Rəşt-Astara dəmir yolu hissəsinin tikintisi barədə hökumətlərarası saziş imzlayıb.

Sənədə əsasən Moskva və Tehran layihələndirmə, tikinti, eləcə də mal və xidmətlərin çatdırılmasını birgə maliyyələşdirir. Tərəflər artıq 2024-cü ilin əvvəlində Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə başlanılacağını bəyan edib.

Burada həmçinin, Astara (Azərbaycan) -Astara (İran) dəmir yolu xəttinin çəkilişi də İran dəmir yollarını Azərbaycan dəmir yolu sisteminə birləşdirən Şimal-Cənub layihəsinin bir hissəsidir. Yolun uzunluğu 10 kilometrdir, - Astara şəhərindən İran sərhədinə 8 kilometr və İranın Astara şəhərindən Azərbaycan sərhədinə 2 kilometrdir.

Noyabrın 16-da Moskvada keçirilən "Nəqliyyat həftəsi" forumunda Rusiya Baş nazirinin birinci müavini Andrey Belousov Şimal-Cənub dəhlizinin inkişafından danışarkən deyib ki, 2023-cü ilin sonunda Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 18 milyon tona çata bilər, bu da 2021-ci illə müqayisədə demək olar ki, 33 faizdən çoxdur.

"Hazırda dəhlizin tərkib hissəsi olan hər üç marşrut üzrə aktiv iş aparılır. Beləliklə, şərq marşrutu ilə müntəzəm konteyner daşımalarına başlanılıb. Transxəzərdə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalında və Mahaçqala dəniz limanında dibdərinləşdirmə işləri başa çatdırılır, bu da 4,5 metrə qədər suqəbuledici gəmiləri suya buraxmağa imkan verəcək. Qərb marşrutu çərçivəsində İranla Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisinin maliyyələşdirilməsinə dair saziş bağlanıb və Azərbaycanla sərhəddə avtomobil buraxılış məntəqələrinin buraxılış qabiliyyəti iki dəfə artırılıb", o qeyd edib.

Andrey Belousovun qənaətincə, 2030-cu ilə qədər bu dəhlizlər üzrə yükdaşımaların həcminin ildə 700 milyon tona çatdırılacağı gözlənilir.

Baş nazirin birinci müavini deyib ki, Rusiya və Azərbaycan 2023-cü ilin sonuna kimi Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamalıdır.

"Bu ilin sonuna kimi biz Azərbaycanla da analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yük daşımalarında əlavə artımla tam istifadəyə veriləcək. Yükdaşımalarının əlavə artımı başlanğıc üçün ildə 15 milyon ton yük nəzərdə tutulub", o bildirib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra İran-Azərbaycan münasibətlərində gərginlik yaranıb. Müharibədən sonra İran Azərbaycanla, Azərbaycan isə qarşılıqlı olaraq İranla sərhəddə hərbi təlimlər keçirib. İran rəsmiləri Azərbaycana qarşı hədələyici bəyanatlarla çıxış edib.

2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın olub, nəticədə diplomatik missiyanın təhlükəsizlik xidmətinin rəhbəri həlak olub, daha iki mühafizəçi yaralanıb.

Azərbaycan prezidenti İlham Əliyev silahlı basqını terror aktı kimi qiymətləndirib.

Bununla yanaşı son aylarda iki ölkənin xarici işlər naziri problemlərin həlli istiqamətində çoxsaylı telefon danışıqları aparıb. İran xarici işlər naziri Azərbaycan Prezidenti, Azərbaycan xarici işlər naziri isə İran Prezidenti tərəfindən qəbul edilib. İki ölkənin rəsmiləri qarşılıqlı səfərlər edib.

Oktyabrın 6-da Azərbaycanla İranın sərhədindəki Ağbənd bölgəsində (Azərbaycanın Zəngilan rayonu) iki ölkə arasında sərhəd-keçid məntəqəsinin tikintisinə başlanılıb. Elə həmin gün Azərbaycanla bu ölkənin Naxçıvan Muxtar Respublikasını birləşdirəcək İran tərəfinin Araz dəhlizi adlandırdığı (Ağbənd-Culfa) dəmir yolu və avtomobil yolunun, həmçinin Araz çayının üzərində salınacaq körpünün layihələri razılaşdırılıb. Bu layihənin həyata keçirlməsi həmçinin Sovetlər dövründə mövcud olan Moskva-Tehran dəmir yolunun açılması deməkdir. Sovetlət dövründə dəmir yolunun bu hissəsi Ermənistan ərazisindən keçirdi. Ermənistan Birinci Qarabağ müharbəsi zamanı, 1991-ci ildən dəmir yolunun bu hissəsini bağlayıb. İkinci Qarabağ müharibəsindən (2020-ci il) sonra da dəmir yolunun Ermənistandan keçən hissəsinin açılması danışıqların əsas mövzularından biridir. Amma hələ ki, Ermənistan tərəfi ilə razılıq əldə edilməyib.
 

Bölmənin digər xəbərləri

25 Noyabr 2024 Bukingem sarayı 3 il müddətinə bağlanacaq
25 Noyabr 2024 O ölkə 3-cü Dünya Müharibəsinə hazırlaşır: Peyk görüntüləri gizli gəmini üzə çıxardı!
25 Noyabr 2024 Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - VİDEO
25 Noyabr 2024 Bu dövlətdə dəhşətli yanğın - Mindən çox ev külə döndü+Video
25 Noyabr 2024 Tiflisdə etirazçılarla polis arasında qarşıdurma - FOTO, VİDEO
24 Noyabr 2024 Abxaziyadakı etirazlar: Bölgə gələcəkdə Rusiyanın nəzarətindən çıxacaqmı?
24 Noyabr 2024 "Mən prezident və həyat yoldaşını öldürmək üçün killer tutmuşam" - Vitse-prezident
24 Noyabr 2024 Kosmik xaos: Qalaktikaların toqquşmasından yaranan səs dalğası gəlib Yerə çatdı
24 Noyabr 2024 Tramp Ukrayna ilə bağlı planını nə vaxt təqdim edəcək?
24 Noyabr 2024 COP29-un yüksək təşkilinə görə Azərbaycana rəsmi təşəkkür qətnamə layihəsi qəbul olunub
24 Noyabr 2024 Gürcüstanda etirazların yeni dalğası: Hər kəs meydana toplaşdı – VİDEO
23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir

Dünyapress TV

Xəbər lenti