“Yuxarı Lars” keçid məntəqəsi Ermənistan üçün əsl başağırısıdır. Qış aylarında “Yuxarı Lars” məntəqəsi həftələrlə qapadılır, Ermənistan öz məhsullarını Rusiya bazarına daşıya bilmir, əks-istiqamətdə mallar gətirilmir. Ancaq “Yuxarı Lars” işlək vəziyyətdə olanda da Ermənistanın öz məhsullarını Rusiya bazarına çatdırcağının təminatı yoxdur. Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarını daşıyan yük maşınlarının "Yuxarı Lars" keçid məntəqəsindən keçməsinə yenə icazə verməyb. Rusiya buna səbəb kimi Ermənistandan daşınan məhsulların fitosanitar standartlarına uyğun gəlmədiyini göstərib. Bu halda kənd təsərrüfatı məhsulları yollarda günlərlə gözləməklə ya çürüyəcək, ya da geri qaytarıacaq ki, daxili bazarda əlavə məhsullara ehtiyac yoxdur. Erməni ekspertlər sərhəd keçid məntəqəsinin budəfəki qapanmasını siyasi səbəblərlə izah ediblər. Bəli, bu istisna deyil. İrəvan Qərbə daha çox yaxınlaşmaq istəyincə Kreml Ermənistanı cəzalandırmaq alətlərini hərəkətə gətirəcək. Bu alətlərdən biri “Yuxarı Lars"da hərəkəti dayandırılmasıdır. “Yuxarı Lars”dan asılı olan Ermənistan 2017-ci ildə Gürcüstana alternativ yolun tikintisi ilə bağlı müraciət etmişdi. Ermənistanın keçmiş rəhbərliyi uçqunlar səbəbindən yolun tez-tez bağlanmasını əsas gətirərək “Yuxarı Lars”a alternativ olaraq Gürcüstandan Rusiyaya gedəcək yeni avtomobil yolunun çəkilməsinə çalışırdı. Gürcüstan hökuməti Ermənistanın bu təklifini qəbul etmədi. Rəsmi Tbilisi bunu belə əsaslandırdı ki, yolun çəkilişi həm maliyyə və infrastruktur, həm də ekoloji baxımdan çətindir. Bunun əvəzinə Gürcüstanla Rusiya “Yuxarı Lars” sərhəd-keçid məntəqəsi genişləndirilməsini planlaşdırırdılar. Layihənin ümumi dəyəri 200 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Ancaq bu layihədən də xəbər yoxdur. Əksinə Rusiya “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində beynəlxalq nəqliyyat daşıyıcıları üçün hərəkət qaydalarında dəyişikliyə qərar verib. Yeni qaydalara görə beynəlxalq avtomobil daşımalarını həyata keçirən avtonəqliyyat vasitələri üçün gömrük keçid məntəqələrində məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub. Bu sırada sərhəd keçidində hərəkət zolaqlarının sayının 11-dən 6-ya endirilməsi də var. Beləliklə, Ermənistanın “Yuxarı Lars” çarəsizliyi davam edir. Ermənistanın bu vəziyyətdən qurtuluşu Azərbaycanın və Türkiyənin nəqliyyat yollarına qoşulmasından keçir. Ancaq bunun üçün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh əldə etməyə tələsməlidir. Əks halda Nikol Paşinyanın özünün də dediyi kimi o ermənilərin yaddaşında uğursuz lider kimi qalacaq. Paşinyan müharibədə ağır məğlubiyyətdən sonra mümkün uğur hekayəsini iki qonşusu – Azərbaycan və Türkiyə ilə sülhə nail olmaq və əməkdaşlığa başlamaqla əldə edə bilər. “Atlas” Araşdırmalar Mərkəzi Teref. Xocanın Blogu