İrəvan Bakının sülh sazişi üzrə növbəti təkliflərinə cavab verib. Bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyi (XİN) yayıb. “Ermənistan Baş naziri Nikol Paşinyanın noyabrın 18-də Azərbaycanla sülh müqaviləsinin imzalanmasına nail olmaq üçün diplomatik səylərin gücləndirilməsi ilə bağlı açıqladığı bəyanatdan sonra Ermənistan tərəfi sülh sazişi üzrə altıncı təkliflər paketini Azərbaycan tərəfinə təqdim edib. Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin normallaşdırılmasına dair sənədi yekunlaşdırmaq və imzalamaq öhdəliyinə sadiqdir”, - məlumatda vurğulanıb.
Məsələ ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli söyləyib ki, Ermənistanın təklif etdiyi sülh müqaviləsi Azərbaycanın düşüncələrinə uyğun deyil:
"Eyni zamanda qarşıya qoyulan öhdəliklər də müqavilədə yer almır. Məsələn, 8 kəndin qaytarılması, təhlükəsizliyin təminatı, keçmiş vurulan zərərlərə görə reperasiyanın ödənilməsi, kommunikasiyalara yönəlik iradənin olması əsas öhdəliklər idi. Bütün bunların olmaması yeni problemlərdən xəbər verir. Rusiya formatında, Qərb raundunda görüşlərdən nəticə çıxmadısa, bunu Tiflisdə davam etdirmək mümkün idi. Buna da Nikol Paşinyan hakimiyyəti razı olmadı. Ermənistanın atdığı addımlar yeni müharibə istəyindən irəli gəlir. Bu baxımdan bunlar da fiaskoya uğrayacaq təkliflərdir və aldatma xarakteri daşıyır. İndiki məqamda sülh daha çox Ermənistana lazımdır. Əgər Ermənistan hərbi ritorikaya üstünlük verirsə, Azərbaycan da öz siyasi gücünü artırır. Eyni zamanda BMT nizamnaməsinin icazə verdiyi həddə müəyyən imkanları Azərbaycan nəzərdən keçirə bilər. Həmçinin, buna qanuni güc tətbiqi də daxildir".