BMT-nin Demokratiya Fondu (UNDEF) vətəndaş cəmiyyəti təşkilatları üçün 18-ci qrant müsabiqəsinə müraciətləri açıq elan edib. Müraciətlər noyabrın 30-dək qəbul ediləcək.
Bu barədə BMT-nin Azərbaycan nümayəndəliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları insan haqlarının və bütün qrupların demokratik proseslərdə iştirakının təşviqinə və vətəndaş cəmiyyətinin gücləndirilməsinə yönəlmiş layihə təklifləri ilə müsabiqəyə müraciət edə bilərlər.
“UNDEF vətəndaş cəmiyyətinin səsini gücləndirən, insan haqlarını təşviq edən və bütün qrupların demokratik proseslərdə iştirakını təşviq edən layihələri dəstəkləyir. UNDEF layihələrinin həyata keçirilməsi müddəti iki ildir. Ərizəçilər minimum 100.000 ABŞ dolları və maksimum 200.000 ABŞ dolları məbləğində qrant tələb edə bilərlər. UNDEF fondlarının vəsaitlərinin böyük əksəriyyəti yerli vətəndaş cəmiyyəti təşkilatlarına sərf olunur. Bu yolla, UNDEF BMT-nin bütün dünyada demokratik idarəçiliyi gücləndirmək üçün digər işini - hökumətlərlə işini tamamlamaqda fərqli rol oynayır”, Demokratiya Fondu bildirir.
BMT-nin Azərbaycan nümayəndəliyi isə bildirir ki, təqdim edilən layihələr gənclərin iştirakı, media və ifadə azadlığı, gender bərabərliyi, qanunun aliliyi və insan hüquqları, vətəndaş cəmiyyətinin hökümətlə birgə fəaliyyətinin gücləndirilməsi, seçki prosesləri sahələriundən birini əhatə etməlidir.
2006-cı ildən UNDEF 120-dən çox ölkədə ümumi məbləği 211 milyon ABŞ dollarından çox olan 890-dan çox layihəni dəstəkləyib. Təkliflər çox ciddi seçim prosesindən keçir və təkliflərin iki faizindən az hissəsi maliyyələşmə üçün seçilir.