“Ermənistan hökumət rəsmilərinin, xüsusilə yüksək səviyyəli rəsmilərin ritorikasına baxsanız, bu gün onlar bizi heç etmədiyimiz məsələlərdə ittiham edirlər. Ermənistanın hazırkı rəhbəri 2019-cu ildə Xankəndidə tribunadan bəyan etdi ki, “Qarabağ Ermənistandır və nöqtə””.
“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.
Ətraflı
Dövlət başçısı bildirib ki, bu da bizim qırmızı xəttimiz idi:
“Ona qədər heç kəs belə bir ifadə işlətməmişdi. Bu da təbii ki, atəşkəsin pozulması idi: yəni, əhəmiyyətsiz, mənasız danışıqlara nə ehtiyac var? Ermənistanın rəhbəri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bir hissəsinin Ermənistana məxsus olduğunu rəsmi şəkildə deyirsə, burada hansı danışıqlardan söhbət gedə bilər? Buna baxmayaraq, biz yenə də hesab edirdik ki, bəlkə bu, siyasi yanlışlıqdır. Lakin bundan sonra Ermənistanın müdafiə naziri bəyan etdi ki, Ermənistan bizimlə yeni ərazilər uğrunda yeni müharibəyə hazırdır. Yəni, onlar bizi yeni işğalla hədələyirdilər. Belə çıxır ki, bizim ərazimizin 20 faizinin işğalı onlara kifayət etmirdi. Onların planı var idi ki, Bakıya çatsınlar, hətta Xəzər dənizində çimsinlər. Onların planlarında tanklarla Bakıya gəlmək var idi. Ancaq Ermənistana məxsus tanklar bu gün bizim Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Bir çox yanlışlıqlar, yanlış hesablamalar, bizim potensialımızı, qüvvəmizi və gücümüzü nəzərə almamaq – bu, region üçün ciddi bir fəlakətə səbəb oldu”.