Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında Azərbaycanı Naxçıvanla Ermənistanla birləşdirən əlaqə və onun necə qurulması barədə kifayət qədər ətraflı müzakirə aparılıb.
Bunu Brüsseldə Avropa Siyasət Mərkəzinin təşkil etdiyi “Cənubi Qafqazda Təhlükəsizlik” mövzusunda konfransda çıxış edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar deyib.
Onun sözlərinə görə, tərəflər müəyyən ümumi anlaşmaya gəliblər. “Biz müəyyən ümumi anlaşmaya nail olmuşuq və bunun necə həyata keçirilməsi baş nazir müavinlərindən ibarət işçi qrupuna qalıb, orada Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri rusiyalı həmkarı ilə görüşüblər”.
Toivo Klaarın fikrincə, tərəflərin mövqeləri arasında çox da məsafə yoxdur və bir az daha intensiv iş aparılmaqla, fikir ayrılıqları aradan qaldırıla, bu nəqliyyat əlaqəsinin necə təmin olunacağına dair anlayışa nail olmaq olar.
Klaar həmçinin bildirib ki, regionun müsbət inkişafı Aİ-nin maraqlarına uyğundur. “Bizim bu prosesdə iştirakımız heç bir üçüncü tərəfə qarşı yönəlməyib. Cənubi Qafqaz qonşu regiondur və bizim arzumuz budur ki, burada sülh və sabitlik olsun”, - Avropa rəsmisi bildirib.