“Rusiyanın NATO-ya ünvanladığı ultimatum əks təsir göstərdi”(AzPolitika.info) Finlandiyanın NATO-ya qəbulunu Avropa qitəsinin yeni geostrateji müstəviyə keçməsinin təsdiqi kimi başa düşmək olar.
“Soyuq müharibə” dönəmində Finlandiya güclü qonşusu SSRİ-dən gələ biləcək təhlükələrə baxmayaraq, NATO-ya daxil olmamışdı. Bunun səbəbi təkcə Moskvanın göstərəcəyi sərt reaksiya ilə əlaqədar deyildi. Belə ki, həmin dövrdə Kreml özünü qətiyyən indiki kimi aparmırdı. SSRİ-nin davranışlarında Finlandiyaya qarşı hər hansı təcavüzə meyl elementləri görünmürdü, əksinə sovetlər öz şimal qonşusu ilə isti münasibətlər yaratmaqda maraqlıydı. Finlandiya da öz növbəsində bütün olub keçənləri bir kənara qoyub, mehriban qonşuluq əlaqələrinin qurulmasının tərəfdarı kimi çıxış edirdi. Əgər Putin Ukraynaya hərbi təcavüz həyata keçirməsəydi, şübhəsiz ki, Finlandiya və eləcə də İsveç, NATO-ya üzv olmaq üçün alyansa müraciət yollamayacaqdılar.
İsveçin alyansa nə zaman daxil olacağına gəldikdə isə, Türkiyə ilə yaşanan problemlərə görə bu məsələ hələlik həll edilməmiş qalır. Lakin bir çox beynəlxalq ekspertlər meydana çıxan əngəlin yaxın zamanlarda aşılacağına əminliklərini vurğulayırlar. Yeri gəlişmişkən, NATO-nun baş katibi Yens Stoltenberq İsveçin də yaxın vaxtlarda alyansa qəbul olunacağını deyib.
Məhz bu iki ölkənin neytrallığı nəticəsində Rusiya Baltik dənizi hövzəsində özünü tam rahat hiss edirdi. Amma bundan sonra vəziyyət radikal dəyişəcək və rusların Baltik dənizində cəzasız hərəkətlərinə son quylacaq.
Finlandiya alyansa üzv olduqdan sonra Rusiyanın NATO ilə sərhədi daha 1340 kilometr uzandı. Artıq Rusiyanın ikinci böyük şəhəri Sankt Peterburq ilə NATO ərazisi arasındakı məsafə 140 kilometrdir. Digər yandan, Rusiyanın Baltik donanmasının yerləşdiyi Kronşdat, Şimal donanmsının bazası olan Severomorsk və eləcə də Rusiya atom sualtı qayıqlarının yerləşdiyi Qadjievo şəhərləri alyans üçün daha əlçatan olacaq. Beləliklə, NATO-nun yeni üzvü Finlandiyaya qarşı Kreml adekvat tədbirlər görmək məcbutiyyətində qalacaq. Rusiya sərhədi gücləndirmək üçün bu regiona əlavə canlı qüvvə, xeyli sayda zirehli texnika, Hava Hücumundan Müdafiə sistemləri, çoxsaylı artilleriya qurğuları gətirməlidir. Sözsüz ki, bütün bunların reallaşdırılması üçün Rusiya büdcəsi ağır yük altında düşəcək.
Onu da deyək ki, Finlandiya və İsveçin silahlı qüvvələri texniki cəhətdən kifayət qədər yaxşı silahlanıblar, onlar quruda və dənizdə həmişə təlimlər keçirlər. İsveçin hərbi sənayesinin buraxdığı məhsullar içərisində dördüncü nəsil çoxfunksiyalı “SAAB JAS 39 Gripen” qırıcılarını və ”Archer” mobil haubitsalarını xüsusilə qeyd etmək lazımdır.
-Rusiyanın NATO-ya göndərdiyi ultimatumun əks təsiri
Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücuma başlamasının səbəbini NATO-nun Rusiya sərhədlərinə qədər gəlib çıxması ilə izah edirdi və deyirdi ki, biz bu addımı atmağa məcbur idik. Ukraynaya təcavüzdən üç ay öncə Kreml NATO-ya 1997-ci il sərhədlərinə geri çəkilməklə bağlı ultimatum da göndərmişdi və bu ultimatumda yazılmışdı ki, əks təqdirdə Rusiya lazım gələn bütün tədbirləri görəcək. Yəni, demək istəyirdilər ki, əvvəlcə Ukraynanı tam zəbt edəcəyik, sonra isə yaranmış vəziyyətə uyğun olaraq, Şərqi Avropa ölkələrinə qarşı da müvafiq cəza əməliyyatları həyata keçirəcəyik. Sözsüz ki, nəhəng NATO bu gülünc xəbərdarlıqdan qorxub geri çəkilməyəcəkdi. Deyəsən, bunu reallıq hissini itirmiş Kreml rəhbərliyi başa düşmürmüş. Vladimir Putin israrla Ukrayna məsələsinin üzərində durur, onun NATO-ya qəbulunu Rusiya üçün ən böyük təhdid adlandırırdı. Deməli, Putin nəyin bahasına olursa-olsun, Ukrayanın NATO-ya gedən yolunun qarşısını həmişəlik kəsməliydi. ABŞ başda olmaqla Qərb dünyası Vladimir Putinin həddini aşdığını görürdülər. Finladiyanın alyansa daxil olması Putinin ultimatumuna qarşı ən tutarlı əks zərbədir.
Finlandiyanın NATO-ya qəbul edilməsini Vladimir Putinin geosiyasi arenadakı ən böyük uğursuluğu hesab etmək olar. Moskvanın Ukraynaya təcavüzü, digər qonşu dövlətlərə qarşı özünü qaba, yöndəmisiz aparması və xüsusən də beynəlxalq hüquq normalarına saymazyana yanaşması Finlandiyaya çıxış yolu qoymamışdı. Əslində indi soyuq müharibə dönəmi ilə müqayisədə Rusiyanın Avropa ilə münasibətləri daha gərgindir. Rusiyanın müasir tarixi, elmi-texniki potensialı və mədəni irsi birbaşa Avropa ilə bağlıdır. Amma Putin bütün bunların hamısının üstündən xətt çəkir və hələ üstəlik, özünə haqq da qazandırır. Bilindiyi kimi, bu yaxınlarda Rusiyanın yeni xarici siyasət strategiyası açıqlanıb. Orada Afrika ölkələri ilə strateji tərəfdaşlıq prioritet istiqamətlərdən biri kimi göstərilir. Çox maraqlıdır, görəsən, Rusiya Afrikaya nə verə bilər? Yəni, Rusiya demək istəyir ki, mən Avropa ilə yüzilliklər boyu qurulmuş münasibətlər sistemini dağıdıram. Kremlin davranışlarında məntiq axtarmağa dəyməz, zəka potensialı məhdud olanların geostrateji mövqe mübarizəsində məğlubiyyətə uğrayacaqları labüddür. Bir müddətdən sonra Qafqaz və Orta Asiya respublikaları da Rusiyadan uzaqlaşacaqlar. İndi hələlik işinə yaradığına görə Rusiyanın üzünə gülən Çin, gələcək perspektivdə onu qarşısında tam diz çökdürüb, ucuz xammal bazasına çevirəcək. Vladimir Putin isteblişmentinin siyasi fəlsəfəsi fiaskoya uğrayır. Hadislər göstərir ki, gec və ya tez Ukrayna da NATO -ya girəcək. Çünki tarixi proses məhz buna doğru gedir.
Vaqif NƏSİBOV
azpolitika