Çin hava şarları geniş kəşfiyyat proqramı çərçivəsində məlumat toplamaq üçün beş qitə üzərində ən azı 20 uçuş həyata keçirib.
Bu barədə çərşənbə axşamı CNN ABŞ administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, təxminən beş-altı uçuş ABŞ hava məkanında həyata keçirilib. Fevralın 4-də Cənubi Karolina sahillərində vurulan şarla müxtəlif ölkələrin əraziləri üzərindən uçan bütün hava şarları eyni model olmayıb.
Mənbə kanala bildirib ki, həmin şarın kifayət qədər çoxlu prototipləri var.
Qeyd edək ki, “The Washington Post” ABŞ kəşfiyyatına istinadən yazıb ki, Çin ordusu bir neçə ildir ki, bir sıra ştatlarda obyektlər haqqında məlumat toplamaq üçün hava şarlarından istifadə edir. Qəzetin yazdığına görə, Amerika rəsmiləri ərazilərində Çin tərəfinin müşahidə apardığı iddia edilən obyektlər barədə müttəfiqlərini və tərəfdaşlarını məlumatlandırmağa başlayıb.
ABŞ kəşfiyyatının məlumatına görə, müşahidə prosesində Pekin “hərbi aktivlər”, xüsusən Hindistan, Yaponiya, Vyetnam, Filippin və Tayvanda “hərbi aktivlər haqqında məlumat toplayıb. Nəşr bildirib ki, ABŞ dövlət katibinin müavini Vendi Şerman məsələ ilə bağlı brifinq keçirib. Orada “40-a yaxın səfirlikdən 150-yə yaxın adam” iştirak edib.
Nəşrin məlumatına görə, Dövlət Departamenti ABŞ-ın bütün səfirliklərinə Çin tərəfinin həyata keçirdiyi iddia edilən kəşfiyyat fəaliyyəti ilə bağlı “təfsilatlar” göndərib. \\Redaktor