Türkiyə şirkəti NATO-nun kəşfiyyat proqram təminatı ilə bağlı tenderin qalibi olub – VİDEO
Türkiyənin milli və beynəlxalq arenada yüksək texnologiyalı, innovativ və milli sistemlər istehsal edən STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət şirkəti (Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ) Türkiyə müdafiə sənayesinin proqram təminatı sahəsində ən mühüm ixrac uğurlarından birinə imza atıb.

NATO-da qərar qəbul edən şəxslər və komandanlıq üçün rabitə və informasiya sistemlərinin təmin edilməsi, quraşdırılması və saxlanmasına cavabdeh olan NATO Rabitə və İnformasiya Agentliyinin (NCI Agency) NATO çərçivəsində kəşfiyyat məlumatlarının yönləndirilməsi, toplanması, istifadəsi və paylanması üzrə elan etdiyi iki mühüm tenderin de qalibi STM olub. Qiymət və texniki kvalifikasiyanın qiymətləndirilməsi nəticəsində NCI Agency NATO üzv ölkələri arasında elan edilən və dünyanın aparıcı proqram təminatı şirkətlərinin iştirak etdiyi hər iki layihədə STM-ə üstünlük verib. Texniki və inzibati danışıqlardan sonra STM ilə NCI Agency arasında müqavilə imzalanıb.

Layihə çərçivəsində hazırlanacaq proqram təminatı ilə STM, NATO komandanlıqları üçün kəşfiyyat məlumatlarının yönləndirilməsi, toplanması, istifadəsi və paylanmasını təmin edəcək. Dünyadakı bütün NATO qərargahları və bazaları kəşfiyyat məlumatlarını STM-in inkişaf etdirəcəyi və modernləşdirəcəyi bu proqram vasitəsi ilə həyata keçirəcək. NATO-nun kəşfiyyat infrastrukturunu modernləşdirəcək INTEL-FS layihələrinin təxminən 3 il yarım çəkməsi planlaşdırılır. INTEL-FS layihələri türk şirkətinin NCI Agency ilə imzaladığı ən irimiqyaslı müqavilələrdən biri kimi seçilir.

INTEL-FS inkişaf prosesi tətbiq olunacaq texnologiya və ortaya qoyacağı həll yolları ilə ilkləri özündə cəmləşdirən bir layihə olacaq. INTEL-FS NATO üçün çevik proqram idarəetməsi ilə yazılacaq ilk layihələrdən biridir. Layihə NATO-nun öz platformasında hazırlanacaq və həyata keçiriləcək. Məlumatların inteqrasiyasını da ehtiva edən layihə; mikroservis əsaslı, paylanmış və genişləndirilə bilən olacaq.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Dəmir tam müstəqil müdafiə sənayesi hədəflərinə gedən yolda beynəlxalq kritik qurum və təşkilatlara proqram təminatı sahəsindəki bacarıqlarını ötürmə səviyyəsinə çatdıqlarını söyləyib.

Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan STM-in dünyanın aparıcı proqram şirkətlərinin iştirak etdiyi INTEL-FS tenderini qazanaraq NATO-nun kəşfiyyat infrastrukturu üçün proqram təminatı hazırlayacağını vurğulayan İ.Dəmir “Türkiyənin proqram təminatı sahəsində NATO-dan aldığı ən böyük ixrac layihələrindən biri olan INTEL-FS layihəsinin xeyirli olmasını arzulayır, layihədə əməyi olan dostlarımı təbrik edirəm. İnformatika sahəsində yaratdığımız infrastruktur nəticəsində şirkətlərimizin beynəlxalq arenada əldə etdiyi nəticələr bizi sevindirsə də, sahəmizin bundan sonra da böyük uğurlara imza atacağına inanıram. Müdafiə sənayemiz yüksək əlavə dəyərli məhsul və həll yolları ilə Türkiyənin ixrac hədəflərinə töhfə verməyə davam edəcək”, – deyə bildirib.

Mövzu ilə bağlı açıqlama verən STM şirkətinin baş direktoru Özgür Güleryüz də şirkətin Türkiyədə xüsusilə proqram təminatı və müdafiə sənayesi sahəsində NATO ilə ən uzun müddət əməkdaşlıq edən və həll yolları təqdim edən şirkətlərdən biri olduğunu bildirib.

Daha əvvəl döyüş meydanında situasiya şüurunu əhəmiyyətli dərəcədə dəstəkləyəcək NATO İnteqrasiya Əsası (INT-CORE) layihəsini həyata keçirdiklərini xatırladan Güleryüz həmçinin Əfqanıstanda müxtəlif ölkələrin komanda və nəzarət birlikləri üçün proqram təminatı təmin etdiklərini və bu fəaliyyətlərin 10 il əvvələ qədər uzandığını qeyd edib.

“STM ThinkTech vasitəsilə biz xüsusilə böhran vəziyyətlərində NATO-nun qərar qəbul etməsi üçün həm proqram təminatı, həm də məsləhət xidmətləri yaradırıq. Biz onların paket olaraq ixracını həyata keçirdik. 2022-ci ildə biz 5-ci və 6-cı paketləri imzaladıq. NATO ilə imzalanan ən böyük işimiz, təşkilatın kəşfiyyat infrastrukturunu həm arxa plan dediyimiz mexanizmi meydana gətirən proqram həllini həm də ön planda istifadəçilərin qarşısındakı ekran və interfeyslərin təşkil etdiyi tenderləri qazandıq. Bunlar ölkəmizdə proqram təminatı sahəsində NATO-dan alınan ən böyük işlərdəndir və çox mühüm layihələrdir. NATO-nun kəşfiyyat məlumat axını bundan sonra STM-in proqram təminatı vasitəsilə həyata keçiriləcək. NATO-nun bütün istifadəçiləri dünyadakı bütün qurumlardan girişləri bu proqramlardan istifadə edərək edəcəklər. Bu mənada çox vacib proqramdır”, – Güleryüz deyib.

Sözügedən proqram təminatının texniki olaraq ən qabaqcıl texnologiyaları ehtiva etdiyini vurğulayan Ö.Güleryüz burada formalaşacaq infrastrukturların həm ölkənin müxtəlif sahələrdəki ehtiyacları üçün istifadə oluna biləcəyini, həm də NATO-nun gələcək proqram təminatına zəmin yaradacağını bildirib, bu texnologiyaları inkişaf etdirən və ilk dəfə istifadəyə verən şirkət olmalarının onlar üçün son dərəcə vacib olduğunu sözlərinə əlavə edib.

 

Dünyapress TV

Xəbər lenti