
"Dini baxımdan yanaşsaq, Quran müsəlmanların müqəddəs kitabıdır və onun əsas mahiyyəti insanlara ilahi mesajı çatdırmaqdır. Tarixi dəyəri olan Quran nüsxələrinin qorunması və gələcək nəsillərə ötürülməsi vacib olsa da, onun ticarət predmeti kimi təqdim edilməsi İslamın əsas prinsiplərinə uyğun deyil. İslam alimləri dini mətnlərin və atributların bu cür kommersiyalaşdırılmasını birmənalı şəkildə bəyənmir".
TEREF bildirir ki, bu sözləri Demokrat.az-a açıqlamasınsa ilahiyyatçı Əkrəm Həsənov deyib.
İlahiyyatçının sözlərinə görə, xüsusilə, yüksək məbləğlər qarşılığında satışı insanların imkansızlıq səbəbindən Quranın mesajına çata bilməməsinə səbəb olmamalıdır:
"Tarixi və kolleksiya baxımından, 1907-ci ilə aid Quran nüsxəsi müəyyən tarixi dəyərə malik ola bilər. Lakin bu qiymətləndirmə sırf onun qədim olması ilə deyil, nadirliyi, xətdə olan incəliklər, kağızın keyfiyyəti, nəşr yeri və digər spesifik faktorlarla müəyyən edilməlidir. Bəzi tarixi eksponatlar muzeylərdə və ya kolleksiyaçılar arasında yüksək qiymətə satıla bilər, lakin bu, daha çox nadir sənət əsərləri və qədim əlyazmalar üçün keçərlidir.
İqtisadi və mənəvi baxımdan dəyərləndirsək, bu cür qiymətlər real bazar dəyərlərinə uyğun gəlirmi? Əgər belə yüksək məbləğ qarşılığında satılacaqsa, bu, dini və mənəvi dəyərlərin kommersiya maraqları naminə istifadə olunması anlamına gələ bilər".
O bildirib ki, Quranın məqsədi insanların ona əli çatmaz dərəcədə dəyər biçilməsi deyil, onun mesajının hər kəsə açıq olmasıdır:
"Əgər belə qədim və dəyərli Quran nüsxələri varsa, onları şəxsi kolleksiyalarda saxlamaq və ya kommersiyalaşdırmaq əvəzinə, ictimaiyyət üçün əlçatan olan muzeylərə və dini müəssisələrə bağışlamaq daha məqsədəuyğun olardı. Belə nüsxələrin ictimaiyyətin istifadəsinə verilməsi həm mədəni, həm dini, həm də elmi cəhətdən daha faydalı olar.
Qurana inanclı hər bir şəxs onun maddi dəyərinə deyil, mənəvi dəyərinə önəm verməlidir. Onun məzmunu və mesajı insanları mənəviyyata, əxlaqa və Allaha yaxınlaşdırmalıdır. Tarixi və nadir əşyalar kimi qorunması vacib olsa da, onu kommersiya predmetinə çevirmək yanlışdır. İslam dini Qurana bir obyekt kimi deyil, insanları doğru yola yönəldən ilahi bir rəhbər kimi baxmağı tövsiyə edir".
Qeyd edək ki, elan saytlarından birində 1907-ci ilə aid Qurani Kərim kitabı 700 min manata satışa çıxarılıb